"Avqustdan bəri həmin pulu Ayaz Abdullayev götürür" - "Hypers"dən ayrılan məşqçi "sandığı açdı"

22.11.2026 10:58 0
Ölkə futbolu / Manşet
2-ci liqada yarışan "Hypers"in ətrafında yaşanan qalmaqaldan xəbərdarsız. Klubun sabiq prezidenti Ayaz Abdullayev (o, bugünlərdə saytımıza açıqlamasında ötən mövsüm "Hypers"dən ayrıldığını bildirib) komandanın indiki durumu ilə bağlı Futbolun İnkişaf Fondunu (FİF) günahlandırdı, fondun "Səbail"in gələcəyi naminə Quba futbolunu qurban verdiyini iddia etdi.

Dünən isə redaksiyamıza noyabrın 17-də baş məşqçi Elsevər Bəkirzadə ilə birlikdə "Hypers"dən ayrılan köməkçi məşqçi Namiq İbrahimli müraciət edib. Klubda başverənlərlə bağlı açıqlama verən mütəxəssisin dediklərini olduğu kimi təqdim edirik:

"Bu yaxınlarda Elsevər Bəkirzadə mənlə əlaqə saxladı və "Hypers"dən təklif aldığını, mənim köməkçisi olmağımı istədiyini dedi. Həm Elsevər bəy, həm də mən Mingəçevirdənəm. "Mingəçevir"də Ədəhim Niftəliyevin baş məşqçi olduğu vaxtdan köməkçi məşqçi olmuşam. Fizuli Məmmədovun gəlişindən sonra klubdan ayrılmışam. Elsevər müəllim təcrübəli olduğum üçün mənimlə çalışmaq istədiyini bildirdi. Klubun rəhbərinin kim olduğunu soruşanda həm Ayaz Abdullayevin, həm də Bərdədən olan Aftandil müəllimin adı hallandı. Klubu idarə edən isə Zəngəzurdan olan vəkil Zaur İsmayılovdu. Əvvəl maaş məsələsində razılığa gələ bilmədik. İstəyirdilər ki, 800 manat baş məşqçiyə, 400 manat da mənə versinlər. Yolpulu üçün də aylıq 100 manat nəzərdə tutulurdu. Hətta Ayaz bəy Elsevər bəyə zəng edib, bu təklifin yaxşı olduğunu bildirdi. Mən isə dedim ki, 400 manata görə hər gün Bərdəyə gedib-gəlmərəm. Müəyyən müzakirələrdən sonra müqavilə bağladıq. Guya ilk 4 ay üçün yolpulu əvvəldən ödəniləcəkdi. Lakin hissə-hissə ödənməyə başlandı. Bu ərəfədə futbolçularla bağlı xeyli problem var idi. Biz çalışırdıq ki, hamısına yardım edək. Rəhbərliyə dəfələrlə müraciət etdik. Uzun müddətdən sonra problemlər qismən həll olundu. Bununla yanaşı, AFFA hər ay klubun hesabına pul köçürür. Təbii ki, həmin maliyyə ilə maaşlar ödənilməlidi. Amma avqustdan bəri həmin pulu Ayaz Abdullayev götürür. Deyir ki, komandanın borcları var, onları ödəyirəm. Bu da klubun maliyyə durumuna təsir edir. Futbolçular məşqə çıxmaq istəmirdi. Maddi problemləri var, maaşlar ödənilməlidi. Narazılıqlardan sonra Zaur bəy Ayaz bəyə müraciət etdi. Kəsəsi, "Hypers"də çalışdığım müddətdə klubun prezidentinin kim olduğunu bilmədik. Deyirdilər ki, Aftandil müəllimin şirkəti var, "Aydın Aqro"nun sahibidi. Klub formalarının üzərində də həmin şirkətin loqosu yer alıb. Amma bu şəxslər sürücünün belə pulunu vaxtında vermir. "Hypers" çox yalançı klubdu. Təsəvvür edin, ötən mövsüm bu komandada çıxış edən bəzi futbolçular hələ də pulunu ala bilməyib. Hətta Elsevər müəllim bu yaxınlarda Zaur bəylə maddi məsələlərə görə mübahisə etdi, "Zəngəzur"la oyundan sonra isə istefa verdi. Onunla birlikdə gəldiyim üçün mən də klubdan ayrıldım. Futbolçular deyirdi ki, getməyin, biz belə davam edə bilməyəcəyik. Gedişimiz kollektivə çox pis təsir etdi. Komandanı meydana çıxardığımız 5 matçda cəmi bir dəfə uduzduq. İndi əvvəl qovduqları baş məşqçi Eldəniz Orucovu qaytarıblar. "Hypers"də qarışıqlıq böyükdü. Rəhbərin kim olduğu bilinmir. Aftandil bəydisə, niyə AFFA-nın ayırdığı vəsaiti Ayaz bəy alır? Ayaz bəydisə, niyə Aftandil bəyin adı hallanır, şirkətinin loqosu formalara vurulur? Düzdü, biz pulumuzu gec olsa da, aldıq. Amma hadisələrin axarı göstərirdi ki, belə problemlər davam edəcək. Bu səbəbdən ayrılmaq qərarı verdik".

KƏNAN BAHADIR