''Qalatasaray''ın sabiq üzvü nə demək istədi? - ''Düşündüklərimi söyləsəm, partlayış olar''

9.10.2026 19:24 27
Dünya futbolu
''Qalatasaray''ın sabiq üzvü, hazırda ''Kasımpaşa''nın şərəfini qoruyan Kərəm Dəmirbay qalmaqallı açıqlamasına aydınlıq gətirməli olub.

İstanbul nəhəngi ilə 2023-25-ci illərdə iki çempionluq qazanmış təcrübəli futbolçu verdiyi müsahibədə çox qəribə ifadələr işlədib. 33 yaşlı futbolçu ''Qalatasaray''ın ardıcıl çempionluqlarının sirri nədədi'' sualına cavab verərkən bunları deyib:

''Düşündüklərimi söyləsəm, böyük bir partlayış olar. Yalnız onu deyə bilərəm ki, hər şey kənardan göründüyü kimi deyir''. Onun bu sözləri qısa müddət ərzində sosial şəbəkələrdə yayılaraq böyük müzakirələrə səbəb oldu. Özü də bu gün Türkiyə çempionatının 7-ci turunda məhz elə ''Qalatasaray''la ''Kasımpaşa'' üz-üzə gələcək. Etirazların artdığını görən Kərəm ''instaqram''dakı paylaşımında sözlərinin yanlış anlaşıldığını bildirərək bunları yazıb: ''Bu günkü müsahibəmdə sözlərim düzgün anlaşılmayıb və təbii olaraq birmənalı qarşılanmayıb. Söyləmək istədiklərimlə ortaya çıxanlar arasında ciddi fərq yarandığı üçün məsələyə aydınlıq gətirməliyəm. ''Qalatasaray''ın son dörd ildə qazandığı çempionluqlar böyük bir əməyin, fədakarlığın və mübarizənin nəticəsidi. Mən də bu çempionluqların ikisində komandanın bir parçası olmuşam və bu uğurun arxasında necə böyük bir mübarizənin dayandığını öz gözlərimlə görmüşəm. Bu müddətdə maddi və mənəvi cəhətdən bir çox çətinliklərlə qarşılaşdıq. Ancaq yaşananlar hər zaman komandanın daxilində qalıb. Çölə heç nə sızdırılmayıb. Doğru olan da məhz budu. Çünki problemləri heç vaxt bəhanəyə çevirmədik, birlik və bərabərlik içində hədəfə doğru addımladıq. Futbolçular, məşqçilər korpusu və klubun işçiləri bütün çətinliklərə rəğmən böyük mübarizə ortaya qoyaraq hədəfə çatdı. Müsahibədə demək istədiyim də məhz bu idi. Yaşanan çətinliklər çempionluqların dəyərini azaltmamalıdı. Əksinə o uğurların arxasında nə qədər böyük bir əmək və fədakarlıq olduğunu göstərir. Sözlərimin yanlış anlaşılması üzündən camiənin məndən inciməsinin fərqindəyəm və belə bir duruma səbəbkar olduğuma görə üzgünəm. Heç vaxt birlikdə mübarizə apardığım insanların əməyini və qazanılan çempionluğu şübhə altına almaq niyyətim olmayıb. Bunu etsəm, ilk növbədə öz əməyimi də şübhə altına atmış olaram. Keçmişdə birlikdə çalışdığım hər kəsə və verilən əməyə hörmətim sonsuzdu. Bu gün isə öz komandamın uğuru üçün eyni ciddiyyət və qərarlıqla mübarizəmi davam etdirirəm''.