“Şəkidə “Gələrsən-görərsən” qalası var” - “Neftçi” azarkeşindən Dambrauskasa qəribə məsləhət

9.10.2026 18:00 81
Ölkə futbolu
“Neftçi” bu gün Misli premyer-liqasının 7-ci turunda “Sabah”ı qəbul edəcək.

“Football-plus.az” xəbər verir ki, “ağ-qaralar”ın azarkeşlərindən biri “feysbuk” sosial şəbəkəsində idarə etdiyi “Neftçi İnfo” səhifəsində oyunla bağlı paylaşım edib. Tərəfdar həm “Sabah”ın iş prinsiplərini tərifləyib, həm də baş məşqçi Valdas Dambrauskasa söz atıb:

“Sabah” Çempionlar Liqasında oyuna çıxacaq. Amma bu matçdan əvvəl Azərbaycan premyer-liqasında keçiriləcək oyunun təxirə salınması üçün hay-küy qoparmadı, efirlərdə “zırıldamadı”, başqa yollara əl atmadı. Təqvimə uyğun meydana çıxacaqlar, mübarizə aparacaqlar. Üstəlik, dövlətin verdiyi 5 milyon manat mükafatın üstünə öz vəsaitini də əlavə edib, uşaq futboluna yönəltdi. Azərbaycan futbolunu düşünmək haqda danışmaq çox asandı. Bunun üçün cibindən pul çıxarmaq isə başqa məsələdi. Cənab Dambrauskas, bilirik ki, Azərbaycanı gəzməyi xoşlayırsız. Məsləhət görürəm ki, Şəkidə “Gələrsən-Görərsən” qalası var. İş qrafiki sıxdısa, “Palms Sports Arena”ya gələrsiz, görərsiz”.

Xatırladaq ki, qarşılaşma saat 19.30-da başlayacaq.

KƏNAN BAHADIR