Türkiyə çempionatından növbəti istefa xəbəri gəlib.
''Gənclərbirliyi''ndə gün ərzində Mətin Diyadinlə bağlı çaşqınlıq yaşandı. Klub əvvəlcə məşqçinin öz istəyi ilə istefa verdiyini açıqladı. Daha sonra ikinci açıqlamada istefanın qəbul edilmədiyi bildirildi. Amma 3-cü açıqlamada təcrübəli məşqçi ilə yolların qarşılıqlı şəkildə ayrıldığı qeyd olundu.
Diyadin ilə Volkan Dəmirəl ötən mövsüm hərəyə iki dəfə bu vəzifəni icra etmişdilər. 58 yaşlı Diyadin maydan bu yana paytaxt təmsilçisini çalışdırırdı. Maraqlıdı ki, mövsümə yaxşı başlayan ''Gənclər'' hətta 2-ci turdan sonra zirvədə qərarlaşmışdı. Amma komanda sonrakı 4 turda cəmi 1 xal toplayaraq 13-cü pilləyə qədər gerilədi.
Bu arada Ankara təmsilçisinin ünlü argentinalı futbol adamı Karlos Teves ilə danışıqlar aparması barədə şayiələr dolaşır. Futbolçu kimi öz dönəminin tanınmış hücumçularından olan 42 yaşlı Tevesin məşqçilik karyerası hələ ki, o qədər də uğurlu alınmır. Teves 2022-dən bu yana ''Rosario Sentral'', ''İndependyente'' və son olaraq ''Talyeres''i çalışdırıb.
Bu klublar Teves ilə ümumilikdə 91 qarşılaşmadan 33 qələbə, 32 heç-heçə, 26 məğlubiyyətlə ayrılıb. İndiyə qədər Argentinadan başqa heç yerdə çalışmayan bu mütəxəssis maydan bu yana işsizdi.
Paytaxt təmsilçisində istefa - Teves Türkiyədə işləyə bilər
Dünya futbolu






