Freddən Duran ilə bağlı etiraflar - ''onun heç nə vecinə deyil''

6.10.2026 19:38 27
Dünya futbolu
''Fənərbaxça''nın sabiq braziliyalı yarımmüdafiəçisi Fred Türkiyədə birlikdə top qovduğu Con Duran ilə bağlı diqqətçəkən etiraflar edib.

İstanbul nəhəngi Duranı 2025-in yayında böyük ümidlərlə ''Əl-Nəssr''dən icarəyə götürmüşdü. Amma kolumbiyalı forvard aşağı məhsuldarlıq sərgiləməklə yanaşı həm də intizamsızlığı ilə diqqət çəkdi. Nəticədə Duran mövsümün ikinci dövrəsini ''Zenit''də keçirdi və orda da heç nə ilə yadda qalmadı.

22 yaşlı forvard bu mövsüm icarə əsasında ''Benfika''da top qovur. Hazırda ''Atletiko Mineyro''da çıxış edən 33 yaşlı Fred bunları deyib:

''Birlikdə forma geydiyim futbolçular arasında ən vecsiz isim birmənalı şəkildə Con Durandı. Onun ümumiyyətlə, heç nə vecinə deyil. Həm qəribə, həm də əyləncəli insandı. Hətta məşqləri də vecinə almırdı. Dünya bir yerinə deyildi (gülür). Ona ''gəl məşqə çıxaq, bir az ora-bura qaçaq'' dedikdə isə ''dostum, mən zatən varlıyam, qaçmağıma ehtiyac yoxdu'' deyərək tibbi personalın yanına gedirdi. Sonra da öyrənirdik ki, tibbi personal ilə danışıb məşqə çıxmayacaq. ''Zenit''ə transferindən öncə onun qazanacağı pulu soruşduqda ''nə qədər çox olsa, bir o qədər yaxşıdı'' dedi və ''bu pullarla indidən özümün, ailəmin və üç nəslimin həyatını təmin etdim'' sözünü əlavə etdi. Hər şeyə rəğmən Con yaxşı insandı. Ancaq pula düşkündü. ''Fənərbaxça''da ilk vaxtlarda heç olmasa, məşqlərə çıxırdı. Sonra tamamilə hər şeyin başını buraxdı. Bildiyimə görə bu yaxınlarda övladı dünyaya gələcək. Ümid edirəm ki, heç olmasa uşağı doğulduqdan sonra bir qədər sakitləşəcək''.