''Qalatasaray''lı futbolçu yığma karyerasını bitirməyib?

4.10.2026 15:20 45
Dünya futbolu
''Qalatasaray''ın üzvü İsmail Yakobsun yığma karyerası ilə bağlı yeni xəbər var.

Seneqalın yeni baş məşqçisi Patrik Vieyranın sentyabrın 18-də açıqladığı heyətdə yer almayan bu futbolçunun yığma karyerasını bitirdiyi iddia edilmişdi. Bu məlumatı ortaya Seneqal mənbələri atmış, amma futbolçudan heç bir rəsmi açıqlama gəlməmişdi.

Bu arada Vieyra bu mövzuda ilk dəfə açıqlama verərək bunları deyib:

''Yakobs yığma karyerasını başa vurması haqda mənə heç bir məlumat verməyib. Bu haqda xəbərim yoxdu. Ümumiyyətlə müdafiənin sol cinahı üçün narahatlığım yoxdu''.

Seneqal mətbuatında gedən yeni xəbərlərdə isə bildirilir ki, 27 yaşlı futbolçunun yığma ilə vidalaşması barədə heç bir rəsmi mənbə yoxdu. Əksinə Seneqalın təcrübəli futbolçularından olan Pap Geyə Yakobsun yığma karyerasını bitirmədiyini və bu komanda üçün oynamaqda davam edəcəyini bildirib.

Qeyd edək ki, Yakobs 2022-dən bu yana şərəfini qoruduğu Seneqal yığmasında indiyə qədər 33 oyuna çıxıb. O həm DÇ-2022, həm DÇ-2026, həm də Seneqalın qələbəsi ilə yekunlaşan ötən ilki Afrika Millətlər Kubokunda iştirak edib. Hələlik Vieyranın hansı səbəbdən ''Qalatasaray''lını yığmaya çağırmadığı bilinmir. Bu mütəxəssisin ilk açıqladığı heyətdə Yakobsdan başqa da bəzi təcrübəli isimlər yer almamış və bu məqam ölkədə müzakirələrə səbəb olmuşdu.