Milli komandanı tərk etdi

3.10.2026 18:00 18
Dünya futbolu
İspaniya yığması Millətlər Liqasında növbəti oyunlara Niko Uilyamssız çıxacaq.

"Football-plus.az" xəbər verir ki, o, səhhətində yaranan problemə görə milli komandanın düşərgəsini vaxtından əvvəl tərk edib.

İspaniya Futbol Federasiyasının məlumatına görə, “Atletik”in hücumçusu Xorvatiya ilə Sevilyada keçirilən oyundan sonra sol bud nahiyəsində narahatlıq hiss edib. Milli komandanın tibbi heyəti futbolçunun vəziyyətini istirahət günündə də nəzarətdə saxlayıb. Lakin ağrılar davam etdiyi üçün Uilyams məşqdə iştirak edə bilməyib.

Federasiyanın həkimləri tərəfindən aparılan ətraflı müayinədən sonra futbolçunun zədəsinin ağırlaşmaması üçün onun hazırkı toplanışın heyətindən çıxarılmasına qərar verilib.

Niko müalicə və bərpa prosesini davam etdirmək üçün “Atletik”in düşərgəsinə yollanıb.