"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngindən başqa “Sevilya”, “Mançester Siti”, “Valensiya”, “Midlsbro” kimi klublarda çıxış etmiş Neqredonun hazırda 41 yaşı var və o, “Sevilya”nın ikinci komandasında köməkçi məşqçi kimi çalışır. Neqredo “Beşiktaş”da bir mövsüm (2017/18) forma geyib və 49 rəsmi oyunda 18 qol, 10 məhsuldar ötürmə ilə fərqlənib.
“Flaşskor”a müsahibə verən ispaniyalı futbol adamı Türkiyədə oynadığı dönəm haqda bunları deyib:
“Beşiktaş”da oynadığım mövsümdə əla heyətimiz var idi. “Sevilya”da birlikdə top qovduğum Adriano ilə Qari Medel, Türkiyə yığmasının forvardı Cenk Tosun, eləcə də başqa güclü oyunçularımız var idi. “Beşiktaş” həm futbolundan, həm də azarkeşlərindən zövq aldığım yerlərdən biri idi. Fanatların komandaya olan bağlılığı inanılmaz dərəcədə idi. Oranın bir parçası olan kimi mədəniyyəti, atmosferi və bağlılığı dərhal hiss etməyə başlayırsan. İnsanı emosional duyğular yaşamağa vadar edəın bir yerdi. Gələcəkdə “Beşiktaş”ı çalışdırmaq fürsətim olsa, ora gözüyumulu gedərəm. Fanatlar sanki komanda üçün yaşayır. Bəzən çox duyğulara qapılırlar. Bu üzdən futbolçu bəzən özünü yaxşı, bəzən də pis hiss edir. Çox radikal ola bilirlər. Onları bu qədər özəl edən əsas məqam məhz budu. Türklərin futbola olan bağlılığı həqiqətən də mükəmməldi. Şübhəsiz, karyeramda gördüyüm ən gurultulu və səs-küylü stadion “Beşiktaş”ın stadionudu. İlk oyunumu gözəl xatırlayıram. Topu rəqibdən hər aldığımız anda stadion coşurdu. Oğlumun həmin vaxt 1 yaşı var idi. Onun da hamı ilə birlikdə tullanıb sevindiyi bir videosu var. O mövsüm çempion ola bilməməyimiz üzücü idi. Çünki çempionluğa çox yaxınlaşmışdıq. Amma gözəl bir təcrübə yaşadım. Kuareşma qeyr-adi istedada malik futbolçu idi. Topla o qədər şeylər edə bilirdi ki, bəzən bir hücumçunun ona uyğunlaşması problem yaradırdı. Çünki hücumçu hərəkətlərini ona uyğun seçməli olurdu. Birlikdə oynadığım ən istedadlı oyunçulardan biri idi. Həm də güclü xarakterə malik idi və məşq etməyi sevirdi. Yaxın dost idik. Düzdü, bəzən yanlış və ya vaxtında edilməyən ötürməyə görə bir-birimizə əsəbləşirdik. Amma bu, futbolun bir parçasıdı. Türkiyə çempionatının səviyyəsi yetərincə yüksəkdi. Dünyanın bir çox tanınmış futbolçusu “Fənərbaxça”, “Qalatasaray” və “Beşiktaş”da forma geyib. Orda önə çıxan bir nömrəli məqam futbola olan bağlılıqdı. Türkiyədə futbol da, stadionlar da, fanatlar da mükəməldi. Bu baxımdan oranı İngiltərə və İspaniya ilə müqayisə edə bilərəm. Ancaq premyer-liqa maddi baxımdan tam fərqli səviyyədədi. Bununla belə, superliqanın çox rəqabətcil bir turnir olduğunu deməliyəm”.






