Mahir Məmmədov da onun komandasında yer alıb
"Football-plus.az" xəbər verir ki, şənbə günü dünya şahmat ailəsi özünə yeni rəhbər seçib.
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Səmərqənddə keçirilən Baş Assambleyasında qurumun yeni prezidentinin adı bəlli olub.
Qazaxıstan təmsilçisi Timur Turlov iki mərhələdə keçirilən prezident seçkisinin qalibi olub. İlk mərhələdə Turlov 96, onun əsas rəqibi – Almaniya təmsilçisi Vadim Rozenştayn 76, Yan-Henrik Byuttner 20 səs toplayıb. Namizədlərdən heç biri sadə səs çoxluğuna malik olmadığına görə 2-ci mərhələyə ehtiyac duyulub. Turlov 2-ci turda 110 mümkün səsdən 96-nı toplayıb.
Turlovun 38 yaşı var, Moskvada dünyaya gəlib. 2023-cü ildə Qazaxıstan Şahmat Federasiyasının prezidenti seçilib. O, şahmat tarixinə FİDE-nin 9-cu prezidenti kimi düşdü.
Yeri gəlmişkən, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov da növbəti dörd il müddətinə FİDE-nin vitse-prezidenti seçilib. Məmmədov ilk dəfə 2018-ci ildə FİDE-nin vitse-prezidenti seçilib, 2022-ci ildə ikinci dəfə bu vəzifədə fəaliyyətini davam etdirmək hüququ qazanıb. Beləliklə, Azərbaycan Şahmat Federasiyasının rəhbəri üçüncü dəfə eyni posta seçilib.
FİDE-nin əvvəlki prezidenti, 2018-ci ildən bu quruma rəhbərlik edən Arkadi Dvorkoviç Avropa İttifaqının sanksiyasına görə könüllü şəkildə postundan əl çəkib və yeni seçkiyə də qatılmayıb. O, səlahiyyətlərinin icrasını dayandırandan sonra prezident vəzifəsini müvəqqəti Vişvanatan Anand tutmuşdu.
Qazaxıstanlı milyarder FİDE-nin 9-cu prezidenti oldu
İdman



