Stadion hazır olsa da, klub köçəri həyat yaşayır – AFFA nə dedi?

10.04.2024 14:30 798
Ölkə futbolu / Manşet
Ağsu şəhər stadionunda bu ilin əvvəlində təmir-bərpa işlərinin həyata keçiriləcəyini xəbər vermişdik. Belədə ev oyunlarını sözügedən idman qurğusunda keçirən “Difai Ağsu” Şamaxıya sığındı və eyni hal davam edir.

Halbuki martın 17-də AFFA rəhbərliyi tərəfindən stadiona baxış keçirildi. Düşünmək olardı ki, artıq çalışmalar sona çatıb. Lakin “Difai Ağsu”nun hələ də “evə qayıtmaması” bu yöndə sual doğurur.

Həqiqəti öyrənmək üçün AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədliyə müraciət etdik:

“Bəli, Ağsu şəhər stadionunda görülən təmir-bərpa işləri başa çatıb. Daha dəqiqi, tribunalar dəyişdirilib, dam örtüyü yenilənib, işıqlandırma sistemiylə bağlı problemlər aradan qaldırılıb. Bununla yanaşı, stadion ərazisinda abadlıq işləri görülüb. Bu barədə “Difai Ağsu”ya məlumat verilib. Onların ev oyunları bu stadionda nə vaxt keçirəcəyi isə özlərindən asılıdı”.

Maraq üçün qeyd edək ki, həm Ağsu, həm də Şamaxı şəhər stadionları AFFA-nın balansındadı.

KƏNAN BAHADIR