“Xankəndi”də yaşanan baş məşqçi dəyişikliyindən xəbərdarsız. Belə ki, mövsümə pis başlayan 1-ci liqa klubu Zaur Hacıyevlə yolları ayırandan sonra Röyal Nəcəfovla ortaq məxrəcə gəldi. Güclü olan qazansın! Bu məsələ ilə bağlı əlavə şərhə ehtiyac yoxdu. Hər halda, heç kim Qarabağ təmsilçisini 3 oyunda 1 heç-heçə, 2 məğlubiyyətə imza atan mütəxəssislə vidalaşdığına görə qınaya bilməz. Düzdü, Zaur bəy uğursuz olduğunu düşünmür. Deyir qarşıma qoyulan hədəf komandanı çempionatda saxlamaq idi ki, “Xankəndi” hələ çempionatdadı...
Bizi maraqlandıran məsələ klubun media ilə münasibətlərində yol verdiyi səhvlərdi. Belə ki, bir neçə gün əvvəl komandanın Zaur bəylə yolları ayırdığı, Röyal bəylə anlaşdığı haqda məlumat yayıldı. Onda klub hələ bu barədə ictimaiyyəti məlumatlandırmamışdı. Maraqlıdı ki, bir müddət sonra klub bilgilərin həqiqəti əks etdirmədiyi haqda bəyanat yaydı. Ardından mətbuata, eləcə də “Futbol+”ə bildirildi ki, mediada yer alan xəbərlər iddia səviyyəsindədi və bu cür halların yaşanması düzgün informasiya mühiti formalaşdırmır. Kəsəsi, “Xankəndi”nin mətbuat xidməti, necə deyərlər, balığa üzmək öyrətməyə çalışdı.
Göründüyü kimi, bu gün klub həm Zaur Hacıyevlə vidalaşıb, həm də Röyal Nəcəfovu baş məşqçi postuna təyin edib. Başqa sözlə, sən demə, xəbərlər həqiqəti əks etdirirmiş. Sadəcə, mətbuat xidməti ictimaiyyəti klubdan əvvəl məlumatlandıran jurnalistləri dezinformasiya yaymaqda suçladı.
“Xankəndi”nin uğurlu nəticələrə imza atacaq peşəkar komanda formalaşdırmaqla, Xankəndiyə qayıdış prosesini tezləşdirməklə məşğul olmaq əvəzinə mətbuatla “gizlən-qaç” oynamaq həvəsi heç də yaxşı görünmür. İnanırıq ki, klub rəhbərliyi bundan sonra media ilə işə daha yüksək qiymət verəcək və jurnalistləri bu cür asanlıqla hesabdan silməyəcək.
KƏNAN BAHADIR
“Xankəndi” jurnalistləri də rəqib sayır? – YAZI
Manşet / Yazarlar






