Yaxın keçmişin daha bir ulduzu futbolla vidalaşmaq qərarına gəlib.
"Football-plus.az" xəbər verir ki, tanınmış ispaniyalı yarımmüdafiəçi Sesk Fabreqas 20 illik karyerasını bitirdiyini və butslarını birdəfəlik mismardan asdığını açıqlayıb. 37 yaşlı Fabreqas vida mesajinda bu illər ərzindəki bütün komanda yoldaşlarına, klub prezidentlərinə, fanatlarına və hətta rəqib oyunçulara təşəkkürünü bildirib. O, İspaniya yığmasının dünya futbolunda at oynatdığı dönəmdə - 2008-12-ci illərdə heyətdə olub və bu komanda ilə 2 dəfə AÇ-nin, 1 dəfə DÇ-nin qalibi olub. Klub karyerasında isə ''Arsenal'', ''Barselona'', ''Çelsi'', ''Monako'' və son olaraq ''Komo''da çıxış edib.
Peşəkar karyerası ərzində 739 qarşılaşmada 125 qol, 217 məhsuldar ötürmə ilə fərqlənib və ümumilikdə 16 titul qazanıb. Fabreqasın yeni mövsümdə son klubu olan ''Komo''nun aşağı yaş qrupunda məşqçi kimi çalışacağı gözlənilir.