Heç küsməyin yeridirmi? - Ehtiram Quliyevin mümkün gedişinə sözardı

25.09.2026 14:27 90
Yazarlar / Manşet
2023-cü ilin iyulunda Ehtiram Quliyev “Turan Tovuz”un İdarə Heyətinə sədr seçiləndə tovuzlu azarkeşlər bu xəbəri böyük ruh yüksəkliyi ilə qarşıladı ki, bu da səbəbsiz deyildi. Onlar uzun fasilədən sonra, nəhayət, bu rayonda da iddialı, titullar uğrunda mübarizə aparmağa qadir olan komandanın formalaşacağına inanırdılar. Bəli, bu gün Tovuzda iddialı, hər mövsüm yüksək yerlər uğrunda yarışan klub var. Amma Tovuz yenidən Avropa səhnəsinə çıxman kimi ən böyük hədəflərindən birinə çatdımı? Bu suala hələ ki “hə” deyə bilmirik. Əvəzində...

Son günlər Tovuzun, elə ölkənin də futbol ictimaiyyətini narahat edən bir xəbər yayılıb. Xəbərin məzmunu belədi ki, “Huner Group”a da rəhbərlik edən nüfuzlu iş adamı Ehtiram bəy “Turan Tovuz”dan ayrılır. Quliyev srağagün “qafqazinfo”ya verdiyi açıqlamada belə deyib:

“Turan” klubu vahid sistemlə idarə olunur. Əsas məqsədimiz Azərbaycan futbolunun, xüsusilə “Turan” klubunun inkişafıdı. Bunun üçün bütün çalışmalarımız davam edir. Hazırda bütün gücümüzü “Turan Tovuz” - “Fənərbaxça” oyununa yönəltmişik. Təbii ki, bizim də klub olaraq bəzi narahatlığımız var. Bunu lazım gəldikcə ictimaiyyətə də bildirmişik və bildirməyə də davam ediləcək. Oktyabrda klubun idarə heyətinin toplanması nəzərdə tutulub. Orda müzakirə ediləcək məsələlərlə bağlı AFFA-nın da mövqeyi öyrəniləcək. Toplantıda klubun və idarə heyəti sədrinin gələcək taleyinə aydınlıq gələcək. Bundan sonra veriləcək qərar ictimaiyyətə elan ediləcək”.

Açığı, həm düşündürücü, həm də anlaşılmaz açıqlamadı. Belə görünür ki, Quliyev, doğrudan da, klub rəhbəri vəzifəsindən gedəcək. Amma klubdaxili məsələlərlə bağlı AFFA-nın da mövqeyinin öyrəniləcəyi ilə bağlı fikrə heç bir məna verə bilmədik. Lap tutaq ki, klubda yeni idarəçilik modeli tətbiq olunacaq, Ehtiram bəy hansısa başqa vəzifəni tutacaq, birbaşa rəhbərliyi başqasına verəcək. Öz aramızdı bunun AFFA-ya nə dəxli? AFFA klubdaxili məsələlərə, müzakirələrə niyə qarışmalıdı ki?

Şəxsən mən Quliyevin “Turan Tovuz”dan ayrılmasının özünə və ya bu kluba nəsə qazandıracağına inanmıram. Ortada tovuzlu azarkeşlərə verilən “Avropada oynayacağıq” sözü varsa, getmək məqamı deyil. Lap bir məşhur mahnıda deyildiyi kimi: heç küsməyin yeridirmi?

ORXAN