“Həmişə başımı aşağı salıb, pafossuz, öyünmədən işimi görmüşəm” - Keyn dünyanın ən yaxşı futbolçusu olmaq istəyir

25.09.2026 12:15 18
Müsahibə
Bu il “Qızıl top”u qazanmağa əsas namizədlərdən biri olan Harri Keyn İspaniyanın ünlü “Marka” nəşrinə müsahibə verib. İngiltərə yığmasının və “Bavariya”nın superulduzu ötən mövsümü inanılmaz göstəricilər - 65 rəsmi oyuna 73 qol ilə tamamladı.

Bəs görəsən, 33 yaşlı futbolçu özü “Qızıl top”u qazanmaq perspektivi haqda nə düşünür?

- Almaniya daxilində mümkün olan hər şeyi qazanmısız. Demək olarmı ki, bu dəfə Çempionlar Liqası sizin üçün başlıca hədəfdi?
- Bəli. Əslində ötən mövsüm ÇL-də də yaxşı nəticələrimiz oldu. Liqa mərhələsini 2-ci pillədə tamamladıq və sonra da “Atalanta” ilə “Real”a qarşı 4 oyunun hamısında qələbə qazandıq. Yarımfinalda PSJ-yə qarşı fanatların yaddaşında iz buraxan iki oyun keçirdik. Ümumilikdə 1 top fərqi ilə uduzduq. Ona görə də məğlubiyyəti qəbul etmək asan olmadı. Finala çıxmağa çox yaxınlaşmışdıq. Amma bu ÇL-di, burda hər şeyi xırda detallar həll edir.

- Bəs bu mövsüm?
- Eyni şeyi bu mövsüm də təkrarlamalı və sonuncu addımı atmağı bacarmalıyıq. Bu komandanın bu turniri qazanmaq üçün lazımi motivasiyası, güclü heyəti və düzgün baş məşqçisi var.

- Yeri gəlmişkən, bu mövsüm ÇL-in finalı Madriddə - “Metropolitano”da olacaq və liqa mərhələsində sizi bu stadiona səfər gözləyir.
- Səhv etmirəmsə, indiyə qədər karyeramda heç vaxt “Atletiko”ya qarşı oynamamışam. Bu, ilk oyunum olacaq. “Atletiko” ötən mövsümün yarımfinalçısıdı və bu məqam çox şeydən xəbər verir. Onlara böyük hörmətim var. Asan olmayacaq, amma hazırıq. Həmin stadionda artıq bir dəfə ÇL-in finalında uduzmuşam (2019-da “Tottenhem”in heyətində - red.). Mənim üçün çox ağır bir an idi. Bu dəfə ordan fərqli əhval-ruhiyyə ilə qayıtmaq istəyirəm.

- Qol vurmaqdan və qolları qeyd etməkdən hələ bezməmisiz?
- Heç vaxt bezmərəm. Qol vurmaq dünyanın ən gözəl və təkrarolunmaz hissidi. İnsan həmin anda inanılmaz adrenalin yaşayır. Həm də sanki rahatlaşırsan. Bilirəm ki, karyeramı bitirəndən sonra bu hiss üçün çox darıxacam.

- “Qızıl top”a namizədlərdən birisiz. Bilirik ki, özünüz haqda danışmağı sevmirsiz. Necə düşünürsüz, ötən mövsümdəki göstəriciləriniz və qazandıqlarınız “Qızıl top” üçün yetərli olacaq?
- Bəli, özüm haqda danışmağı sevmirəm. Yalnız onu deyə bilərəm ki, mövsüm həm mənim, həm də komandam üçün mükəmməl alındı. Birmənalı şəkildə karyeramın ən yaxşı mövsümünü keçirdim. Bir mövsümə 73 qol tarixdə ən yaxşı ikinci göstəricidi (Messi 2011/12-də 69 oyuna 82 qol vurub – red.). Bununla fəxr edə bilərəm. Komanda yoldaşlarıma və bu rəqəmlərin ortaya çıxmasında əməyi keçən hər kəsə təşəkkür edirəm. Amma “Qızıl top”u qazanmaq məndən asılı deyil. Hər şey səs verən insanlardan asılıdı. Ötən mövsüm artıq geridə qaldı. Mən yeni mövsümə və komandama verə biləcəyim yeni şeylərə köklənmişəm. Hərçənd “Qızıl top” çox nüfuzlu mükafat olduğundan, bilirəm ki, qarşıdakı günlərdə hamı ondan danışacaq.

- Yeri gəlmişkən, bu il çox maraqlı bir məqam var. İlk dəfə mərasim Londonda keçiriləcək...
- Bəli, çoxları mənə bu haqda yazır. Bəlkə də bu, yaxşı haldı. Bir qədər qəribə hisslər keçirəcəm. Gözləyək görək necə olur...

- “Qızıl top”u qazanmış sonuncu “Bavariya”lı futbolçunun kim olduğunu bilirsiz?
- Fikrimcə, Karl-Haynts-Rummeniggedi (45 il öncə - red.). Amma “Bavariya”da necə əfsanələrin forma geydiyini xatırlasaq, bu hadisənin üzərindən həqiqətən də uzun illər ötüb.

- “Qızıl top”u qazanmaq ən böyük arzunuzdumu?
- Bəli, hədəfim dünyanın ən yaxşı futbolçusu olmaqdı. Bu mükafatı qazanmaq çox gözəl olardı. Çünki “Qızıl top” fərdi planda futbolda bir nömrəli mükafatdı. Ancaq başqa layiqli namizədlər də var. Mbappe, Dembele, Yamal, Rodri... Onların hamısı top-futbolçulardı. Bu il ikiqat maraqlı olacaq. Çünki aşkar favorit yoxdu. Hər şey baş verə bilər. Əla mövsüm keçirən və mundialda da yüksək səviyyədə oynayan komanda yoldaşım Oliseni də unutmayaq. Gözləyək...

- Özünüzdən sonra hansı mirası qoymaq və futbol dünyasında yaddaşlarda necə qalmaq istərdiz?
- İstərdim ki, məni ilk növbədə komandasını və komanda yoldaşlarını hər şeydən üstün görən bir insan kimi xatırlasınlar. Heç kim komandadan, klubdan və ya ölkədən üstün ola bilməz. Mən həmişə başımı aşağı salıb, pafossuz, öyünmədən işimi görmüşəm, üzərimdə çalışmışam. Enişlərim də olub, yüksəlişlərim də. Amma həmişə özümə güvənmişəm. Belə də davam etmək istəyirəm.

- Hazırda Münhendə xoşbəxtsiz. Amma keçmişdə La Liqada oynamaq fürsətiniz də olmuşdu...
- Bəli, var idi. Deməzdim ki, baş tutmaq ehtimalı yüz faiz idi. Amma keçmiş illərdə İspaniyaya yollanmaq ehtimalımla bağlı bəzi söz-söhbət olmuşdu. La Liqaya böyük hörmətim var. Eləcə də “Barsa”, “Real” və “Atletiko” dünyanın ən güclü klublarındandı. Mən Krişitano Ronaldo ilə Messinin rəqabətini izləyərək böyümüşəm. Futbolda hər şey mümkündü. Heç nəyi istisna etmək olmaz. Amma indidən danışırıqsa, Almaniyada çox xoşbəxtəm.

- Bir neçə gündən sonra artlq ikiqat dünya çempionu İspaniya ilə “Uembli”də qarşılaşacaqsız...
- Çətin oyun olacaq. İspaniya son dünya və Avropa çempionudu. Son illərdə biz səviyyə baxımından onlara çox yaxınlaşmışıq. Ancaq fakt budu ki, son nəhəng turnirləri biz yox, onlar qazanıb. Millətlər Liqasına uğurla start verməyə çalışacağıq. İspaniya bu turniri bir neçə il öncə qazanmışdı. Məhz həmin qələbədən sonra onlar yüksəlişə keçərək digər turnirləri də qazandılar və indiki səviyyəyə çatdılar. Real gücümüzü görmək baxımından əla sınaq olacaq. İngiltərə çoxdan titul qazanmır. Kim bilir, bəlkə də ML-i qazanmaq bizim üçün də yeni bir təkan olacaq və evdə keçirəcəyimiz AÇ-2028 ərəfəsində bizə əlavə motivasiya verəcək.

- Sonda bir qədər də ailəniz haqda danışmaq istərdim. Həyat yoldaşınızı yeniyetmə yaşından tanıyırsız və artıq 4 uşağınız var. Yəqin ki, bu dərəcədə uğurlu karyeranın sirlərindən biri məhz budu.
- Bəli. Ümumiyyətlə, düşünürəm ki, ailədəki sabitliyin futbolçu üçün nə dərəcədə önəm kəsab etməsi mövzusu yetərli qədər işiqlandırılmır. Xüsusilə də söhbət gənc oyunçulardan gedirsə, bu mövzu çox önəmlidi. Düzdü, mənim bu cəhətdən bəxtim çox gətirib. Həyat yoldaşımla bir-birimizi məktəb dönəmindən tanıyırıq. O, mənim valideynlərim, qardaşım, eləcə də həyat yoldaşımın valideynləri Almaniyada yaşayırlar. Hamının belə fürsəti olmur. Çünki hər kəsin düşdüyü vəziyyət fərqli olur. Fikrimcə, futbolçu meydandan kənarda xoşbəxtdisə, hər şey istədiyi kimidisə və həyatı istədiyi axarda davam edirsə, bu, mütləq onun oyununda da əksini tapır. Ona görə də ailə üzvlərimə həm mənim üçün etdiklərinə, həm də mənə bu dərəcədə dəstək olduqlarına görə minnətdaram. Hər şeyi onlarla birlikdə etməyə çalışıram. Onlar mənim ən böyük dəstəkçilərimdi.

ƏLİ RAUFOĞLU hazırladı