Amma bir neçə gün əvvəl Polşa mətbuatına, konkret “Meczyki” nəşrinə verdiyi müsahibədə “Qarabağ”dan gedişi haqda danışarkən, yumşaq desək, ehtiyatsız ifadələr işlədib:
“Avropaya qayıtmaq mənim üçün vacib idi. Nəzəri cəhətdən Azərbaycan klubları avrokuboklarda çıxış edir, amma mənim üçün bu yenə də çox uzaqdı. Karyeramı burda - Avropada qurmağa və hər kəsin arzuladığı kimi, onu mümkün qədər yaxşı davam etdirməyə üstünlük verirəm. Ekzotik liqalarda oynamaq istəmirəm. Düşünürəm ki, hər bir futbolçu “top-5” liqalarında çıxış etməyi arzulayır”.
Kimin harda oynamaq istəməsinə, karyerasını hansı istiqamətdə davam etdirməsinə heç kimin etirazı ola bilməz. Bəs vaxtilə şərəfini qoruduğu, şöhrət qazanmasına yol açan liqanı necə adlandırıb? Ekzotik!
Əlbəttə, “Qarabağ”a gələndə vətənində az-çox tanınırdın. Amma məhz burada oynadın, avrokuboklarda meydana çıxdın, Çempionlar Liqasının atmosferini yaşadın, şöhrət qazandın. “Qarabağ”ın qapısında dayandığın müddətdə qazandığın təcrübə də futbol yolunun bir hissəsinə çevrildi. Bu gün həmin yola baxanda onun bir hissəsini “ekzotik” sözü ilə kiçiltmək çox qəribədi.
Üstəlik, indi çıxış etdiyin “Vyeçista”nın Polşa çempionatının turnir cədvəlində sondan 2-ci yerdə qərarlaşdığını nəzərə almaq lazımdı. “Ekzotik” adlandırdığın Azərbaycan futbolunun aparıcı komandalarından olan “Qarabağ” illərdi Avropa arenasında ölkənin adını ucaldır, qitənin böyük klublar ilə qarşılaşır, ən nüfuzlu klub turnirlərində Azərbaycan futbolunun adını yaşadır. Sənin “ekzotik” dediyin liqanın komandası illərdi Avropada özünə yer axtarmır – artıq həmin səhnənin bir parçasına çevrilib.
Komandadan gedişinin səbəbi Avropanı arzulamağın, buranı bəyənməməyin yox, son oyunlardakı uğursuz çıxışın olub. Forma şansını itirdin, üz tutdun vətəninə.
Sənə hələ də hörmət edən, “Qarabağ” formasında göstərdiyin oyunu yaxşı xatırlayan, uğurlarını qiymətləndirən azarkeşlər var. Bu hörmət bir gündə yaranmayıb və bir müsahibə ilə də yoxa çıxmamalıdı. Elə buna görə də bəzi sözləri, ifadələri seçərkən ehtiyatlı olmaq lazımdı. Başıuca getdin, amma indi düz etmirsən. Yediyin çörəyə tüpürmə, Koxalski!
İSRAYIL XEYRULLAYEV






