Azərbaycan – Tacikistan oyunundan əvvəl keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi İqor Angelovski karyerası ilə bağlı maraqlı məqamı xatırlatdı. Bildirdi ki, Şimali Makedoniya yığmasının çalışdırıcısı olduğu dönəmdə Azərbaycan millisi ilə üz-üzə gəlib.
“Football-plus.az”ın məlumatına görə, mütəxəssis 2016-cı və 2018-ci illərdə keçirilən yoldaşlıq oyunlarını nəzərdə tutur.
Belə ki, Şimali Makedoniya Angelovskinin rəhbərliyi altında yığmamıza qarşı keçirdiyi ilk oyunda 3:1 hesablı qələbə qazanıb. Avstriyada gerçəkləşən oyunda yığmamızın heyətində Əfran İsmayılov fərqlənib. Bu görüşdə millimizin start heyətində Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev, Məhəmməd Mirzəbəyov, Qara Qarayev, Rəhman Hacıyev, Dmitri Nazarov, Əfran İsmayılov, Araz Abdullayev və Ruslan Qurbanov yer alıb. Komandamızın baş məşqçisi Robert Prosinecki olub.
Növbəti görüş Türkiyədə baş tutub. Bu oyunda hərəyə bir qol vuran komandalar 1:1 hesablı “sülh”lə razılaşıblar. Həmin oyunda isə yığmamızın start heyətində bu futbolçular meydana çıxıb: Kamran Ağayev, Ruslan Abışov, Urfan Abbasov. Tural Axundov, Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda, Dmitri Nazarov, Namik Ələskərov, Araz Abdullayev , Amil Yunanov. Qolu Almeyda vurub. Bu matçda millimizin baş məşqçisi Qurban Qurbanov olub. Göründüyü kimi, həmin heyətdən hazırda yalnız Bədavi Hüseynov millidə qalıb.
Beləliklə, Angelovski 8 il əvvəl Qurban Qurbanovla bacarmayıb. Ümid edək ki, mütəxəssisin Ayxan Abbasova da gücü çatmayacaq!
KƏNAN BAHADIR
Tacikistanın baş məşqçisi Qurban Qurbanovla bacarmayıb – bəs, Ayxan Abbasova gücü çatacaqmı?
Ölkə futbolu / Manşet






