Avrokubokların finalları harda keçiriləcək?

21.09.2026 22:39 270
Dünya futbolu
Qitəmiqyaslı klub turnirlərinin qarşıdakı illərdə keçiriləcək final oyunlarının məkanları müəyyənləşib..

"Football-plus.az" xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.

Qərarlar UEFA-nın İcraiyyə Komitəsinin (İK) Yunanıstanın Saloniki şəhərində keçirilən iclasında qəbul olunub. Kişi komandaları arasında Çempionlar Liqasının 2028-ci ildəki finalı Almaniyanın Münhen şəhərindəki “Alyants Arena”da, 2029-cu ildəki finalı isə İspaniyanın Barselona şəhərindəki “Kamp Nou” stadionunda keçiriləcək.

Göstərilən iki ildə digər turnirlərin final məkanları da açıqlanıb. Qadınlar arasında Çempionlar Liqası uyğun olaraq Lionda (Fransa) və Kardiffdə (Uels), Avropa Liqası Buxarestdə (Rumıniya) və Belqradda (Serbiya), Konfrans Liqasının həlledici matçları Turində (İtaliya) və Budapeştdə (Macarıstan) keçiriləcək. UEFA Superkubokunun oyunlarına isə 2027-ci ildə Amsterdam (Niderland), 2028-ci ildə Astana (Qazaxıstan) səhnə olacaq.

İK-nın iclasında həmçinin Millətlər Liqasının 2026/27 mövsümü üçün yüksəlmə və aşağı liqaya düşmə sistemində dəyişikliklər təsdiqlənib. Bu dəyişikliklər 2028/29 mövsümündən turnirin dörd deyil, üç liqadan ibarət yeni formata keçidi ilə əlaqədardı.