"Football-plus.az" xəbər verir ki, baş direktor qurumun mətbuat xidmətinə açıqlamasında ötən illər ərzində Bakıda “Formula-1” yarışlarının təşkili ilə bağlı böyük təcrübə topladıqlarını qeyd edib. O, müasir texnologiyaların tətbiqi və daha səmərəli planlaşdırma sayəsində hazırlıq müddətinin əhəmiyyətli dərəcədə azaldıldığını vurğulayıb:
“Ötən illər ərzində Bakıda “Formula-1” yarışlarının keçirilməsi ilə bağlı böyük təcrübə toplamışıq. Müasir texnologiyaların tətbiqi və daha səmərəli planlaşdırma sayəsində hazırlıq müddətini 12 aydan təxminən 4 aya endirmişik. Eyni zamanda, yarışdan sonra şəhərin gündəlik həyatının mümkün qədər tez bərpa olunması bizim üçün vacibdi. 2025-ci ildə əsas yol məhdudiyyətləri yarış başa çatandan cəmi 12 saat sonra aradan qaldırılıb”.
Fərzullayev yarış həftəsində şəhər sakinlərinin və sürücülərin rahatlığının təmin edilməsi üçün tranzit dəhlizlərinin yaradıldığını da bildirib:
“Şəhərin gündəlik həyatına təsiri nəzərə alaraq, 2023-cü ildən etibarən “Qran-pri” həftəsində sakinlərin və sürücülərin rahatlığını təmin etmək üçün tranzit dəhlizləri təşkil olunur. Bu dəhlizlər vasitəsilə bəzi yollar səhər və axşam müəyyən saatlarda nəqliyyatın hərəkətinə açılır. 2026-cı ildə belə dəhlizlərin sayı altıya çatdırılıb. Üzeyir Hacıbəyli küçəsində isə əlavə tranzit dəhlizi təşkil olunacaq”.
Şirkət rəhbəri “Qran-pri”yə marağın artması ilə bağlı tribunaların tutumunun artırıldığını diqqətə çatdırıb:
“Qran-pri”yə marağın artmasına görə tamaşaçı tutumunu da genişləndirmişik. Son üç ildə dörd yeni tribuna inşa etmişik və bununla tamaşaçı yerlərinin sayını 6 mindən çox artırmışıq. Hazırda tribunaların ümumi tutumu 21 min nəfəri ötür. Bu da Azərbaycandan və xaricdən daha çox azarkeşi qəbul etməyə imkan verir”.
Xatırladaq ki, Azərbaycan mərhələsi sentyabrın 24-26-da keçiriləcək.






