"Football-plus.az" xəbər verir ki, “Arsenal” MS-ni, sadəcə, topların daha yaxşı fərqinə görə qabaqlayır. London nəhənglərindən “Çelsi” və “Tottenhem”, eyni zamanda, “Liverpul” xal itirdi. Mançester derbisini isə “şəhərlilər” qazandı.
“Arsenal” qələbə seriyasını 4-cü turda da davam etdirdi. Bu oyundan bir neçə saat əvvəl “Aston Villa” və “Liverpul” xal itirmişdi. İngiltərənin ÇL-dəki digər təmsilçisini də “asan gəzinti” gözləmirdi. “Topçular” “Sanderlend”lə oyunun ilk yarısında heç nə ilə yadda qalmadı. Əksinə, Le Fenin təhlükəli zərbəsində azca dəqiqlik çatmadı. “Qara pişiklər” 2-ci hissənin əvvəlində paytaxt klubunu əməlli-başlı üstələməyə başladı. İş o yerə gəlib çatdı ki, “Arsenal”ın qapısına penalti təyin olundu. “Nöqtə”yə yaxınlaşan Le Fe Rayya ilə mübarizədən məğlub ayrıldı. Məhz ispaniyalı qapıçının seyvi dönüş anı oldu. Cəmi iki dəqiqə sonra Gimarayns uzaq məsafədən möhtəşəm zərbə ilə yerli publikanı susdurdu. Hesabda önə keçən londonlular bir neçə dəfə intriqanı vaxtından əvvəl “dəfn etməyə” yaxın idi. Nə Saka, nə Haverts, nə də Gimarayns bunu bacardı. Nəhayət, uzatma dəqiqələrində Saka Mandavanın meydandan qovulmasına səbəbkar oldu və penalti qazandı. Beləliklə, “Arsenal” zirvədəki yerini qorudu.
Düzdü, “Mançester Siti” də 4 turdan sonra maksimum nəticə göstərib. “Şəhərlilər” hesabat turunda “Mançester Yunayted”in qonağı idi. Debütdə komandalar ehtiyatlı oynadı. 23-cü dəqiqədə nominal qonaqlar azlıqda qaldı: yan xətt yaxınlığında Fernandeşlə toqquşan Foden yerdə ola-ola, portuqaliyalının qarnına təpiklə vurdu. Hakim dərhal ona qırmızı vərəqə göstərdi. Hissənin sonunda MY hesabı aça bilərdi – Reşfordun yaxın küncə vurduğu cərimə zərbəsindən sonra top dirəkdən döndü. 2-ci hissənin əvvəlində Maynunun zərbəsi də “eyni aqibəti yaşadı”. Ardından “Siti” irəli çıxdı. Qvardiolun qapıçı meydançasına göndərdiyi ötürməni Holann tamamladı. Epizod ofsayda oxşadı, ancaq hakim topun rəqibə dəydiyini düşündü. Düzdü, sonradan qolun qaydalar çərçivəsində vurulmadığı bəlli oldu. Sonda Fernandes də topu dirəyə vurdu. “Qırmızı şeytanlar” bir neçə dəfə hesabı bərabərləşdirə bilərdi. Ancaq Mbemo və Maquayr “çərçivə”yə düşmədi. Azlıqda qələbə qazanan MS tərifi haqq etdi.
Oyundan sonra İPL-in Hakimlər Komissiyası belə açıqlama yaydı: “Bugünkü Mançester derbisində Holannın fərqləndiyi epizoda baş hakimin özü tərəfindən baxılmalıydı. Çünki VAR Fernandesin topa toxunmadığını əsas götürərək onun ofsaydda olmadığını təsdiq edir. Lakin onun epizoda mümkün təsirini nəzərə almaq lazım idi. “Mançester Yunayted” ilə əlaqə saxlanılaraq mühakimə xətası hesab etdiyimiz fakt etiraf olunub”.
Xabi Alonsonun “Çelsi”si mövsümün əvvəlində qapısından qol buraxmayan “Hall Siti”ni qəbul etdi. Qonaqların “quru” seriyası bu oyunun 7-ci dəqiqəsində qırıldı: Pedrodan ötürmə alan Rocers cərimə meydançasına daxil olaraq yaxın küncə dəqiq zərbə vurdu. Amma “Çelsi” müdafiədə qüsursuz deyildi. 28-ci dəqiqədə Hatonun səhvindən yararlanan Bellumi hesaba tarazlıq gətirdi. Bir qədər sonra o, səkən topun da köməyi ilə dubl etdi. Təbii ki, londonlular fasilədən sonra təziqi gücləndirdi. Ceymsin cərimə zərbəsindən sonra qonaqların qapıçısı Solakis dirəyin də köməyi ilə topu dəf etdi. Düzdü, “Hall Siti”də fərqi artıra bilərdi. Amma Martines Sleyterlə Makberninin ardıcıl zərbələrinin öhdəsindən gəldi. Elitanın debütantının növbəti qələbəsini qazanmasına Pedro imkan vermədi. Pedro Palmerin ötürməsindən sonra topu tirin altına göndərdi. Sonda hər iki komandanın fərqlənmək şansı oldu: Solakis Rocerslə, Martines isə Şo ilə mübarizədən qalib ayrıldı.
“Liverpul” mövsümün əvvəlini boşa verməkdədi. “Qırmızılar” öz meydanında böhranda olan “Fulhem”in öhdəsindən gələ bilmədi. Arbeloa “bağbanlar”ı bu oyuna yaxşı kökləmişdi. Düzdü, qonaqlar daha çox müdafiə olundu, bəzən hətta “vaxt öldürdü”, bununla belə, öz qapılarına sıxılıb qalmamışdılar, hücumlar da qururdular. Kinqin 76-cı dəqiqədə tirin altına göndərdiyi topu Alisson çətinliklə çıxardı. Bu oyunda cəmi bir sari vərəqə göstərildi, “Fulhem”dən Tete cəzalandırıldı. Mersisaydlılar imkanlarından aşağı səviyyədə oynadısa, “bağbanlar” aşlar autsayder statusu ilə barışmayacağını göstərdi.
Turun qalan oyunlarına gəlincə, ÇL-də iştirak edən “Aston Villa” evdə “Nottingem Forest”ə uduzmaqla növbəti dəfə azarkeşlərini şoka saldı. “Bornmut” – “Brentford” oyununda məhsuldar, “Tottenhem” – “Everton” oyununda qolsuz heç-heçə qeydə alındı. “İpsviç” səfərdə 34-cü dəqiqədə azlıqda qalan “Kristal Pelas”ı məğlub etdi. “Brayton” isə “Koventri”nin qapısından 5 cavabsız top keçirdi.
4-cü tur
Çelsi – Hall Siti 2:2
Rocers, 7. Pedro, 66 – Bellumi, 28; 34. (39352)
Çelsi: Martines, Fofana (Lakrua, 86), Koluill, Hato (Çavarriya, 46), Neto (Estevao, 86), Ceyms, Lavia (Barko, 69), Hüsto (Uelbek, 78), Palmer, Pedro, Rocers.
Liverpul – Fulhem 0:0
(60160)
Liverpul: Alisson, Arauxo (Frimponq, 72), Jake, Van Diyk, Simikas (Kerkez, 46), Soboslai, Qravenberx (Makallister, 60), Munyos (Qakpo, 60), Virts, Barkolya (Nqumoa, 72), İsak.
Sanderlend – Arsenal 0:2
Gimarayns, 58. Saka, 90+7-p. (46799)
Arsenal: Rayya, Uayt (Timber, 46), Konsa, Qabriel, Kalafyori, Rays (Subimendi, 81), Lüis-Skelli (Gimarayns, 46), Saka, Edeqor (Merino, 85), Solis (Eze, 81), Haverts.
Mançester Yunayted – Mançester Siti 0:1
Holann, 60. (74161)
MY: Lammens, Dalot, Maquayr, Martines, Dorqu, Tilemans (Şeşko, 67), Maynu, Mbemo, Fernandeş, Reşford (Zirkzee, 83), Kunya.
MS: Donnarumma, Nunyeş, Diaş, Qehi, Qvardiol, Fernandes (O’Rayli, 82), Anderson, Foden, Şerki (Ndiay, 46), Semenyo, Holann.
Aston Villa – Nottingem Forest 1:2
Alisson, 74 – Delap, 46. Jezus, 88. (36714)
Bornmut – Brentford 2:2
Klyuvert, 38. Tavernye, 52 – Şade, 34; 56. (11183)
Kristal Pelas – İpsviç 2:3
Halayli, 14. Strann-Larsen, 75 – Emersonn, 23. Devis, 45. Flemminq, 90. (25122)
Tottenhem – Everton 0:0
(60477)
Koventri – Brayton 0:5
Kostulas, 36. Yalkuye, 51. Qross, 69-p. Dank, 83. Ayyari, 90+4. (31492)
Lids – Nyukasl 4:1
Mayli, 32-öz qapısına. Boql, 34. Kalvert-Lüin, 45+1. Okafor, 59 – Ture, 90. (36693)
1. Arsenal 4 4 0 0 8-1 12
2. Mançester Siti 4 4 0 0 8-2 12
3. Lids 4 2 2 0 7-3 8
4. Hall Siti 4 2 2 0 5-2 8
5. Brayton 4 2 1 1 13-5 7
6. Çelsi 4 2 1 1 10-9 7
7. Brentford 4 1 3 0 7-4 6
8. Liverpul 4 1 3 0 6-4 6
9. Everton 4 1 3 0 5-3 6
10. İpsviç 4 2 0 2 7-10 6
11. Nottingem Forest 4 1 2 1 4-4 5
12. Nyukasl 4 1 2 1 7-8 5
13. Mançester Yunayted 4 1 1 2 7-7 4
14. Sanderlend 4 1 1 2 3-5 4
15. Bornmut 4 0 3 1 6-7 3
16. Kristal Pelas 4 1 0 3 6-11 3
17. Tottenhem 4 0 2 2 0-5 2
18. Fulhem 4 0 1 3 4-7 1
19. Aston Villa 4 0 1 3 1-7 1
20. Koventri 4 0 0 4 0-10 0
Bombardir: Holann (MS) – 4.
Növbəti turun oyunları sentyabrın 18-20-si aralığında keçiriləcək: Brentford – Çelsi, Tottenhem – Aston Villa, Brayton – Arsenal, Nyukasl – Hall Siti, Everton – İpsviç, Nottingem Forest – Koventri, Bornmut – Liverpul, Lids – Kristal Pelas, Mançester Siti – Sanderlend, Fulhem – Mançester Yunayted.
Oyundan sonra
Xabi Alonso, “Çelsi”nin baş məşqçisi:
“Nəticəyə görə məyusuq – qalib gəlmək istəyirdik. Qol buraxdığımız epizodlarda hədsiz zəif oynadıq. Bundan artığına qadirik. 15-20 dəqiqə yaxşı oynamaq kifayət etmir. Oyunboyu yüksək səviyyə göstərmək lazımdı. Daha etibarlı oynamalı, oyunun axarına nəzarət etməliyik. Bir neçə aydan sonra bundan da yaxşı oynaya biləcəyimizə əminəm”.
Roberto De Zerbi, “Tottenhem”in baş məşqçisi:
“İlk 30 dəqiqədə çox yaxşı oynadıq. Bəlkə də sonra enerjimiz azaldı, çünki komandanın fiziki durumu hələ ki optimaldan uzaqdı. “Everton”un cərimə meydançasına 74 dəfə daxil olsaq da, yetərincə qol vəziyyəti yaratmdıq. Qapıya tez-tez zərbə vurmalı, daha doğru qərarlar verməliyik. İndi əhval-ruhiyyəm nə yaxşıdı, nə də pis. Mən realistəm. İlk 30 dəqiqədəki səviyyəni oyunboyu qorumaq lazımdı. Həmin zaman kəsiyində qol vura bilməyəndən sonra inamımız azaldı. Mənim işim oyunçuların konsentrasiyasını qorumaqdı”.
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Növbəti qələbəyə görə qeyri-adi dərəcədə sevinirəm. Ağır həftəni arxada qoyduq: “Çelsi” ilə oyun, “Napoli” üzərində səfər qələbəsi, indi də güclü rəqiblə səfər oyunu. Sən qolu vaxtında vurmayanda rəqibin özünəinamı artır. Yaxşı ki, rəqib penaltini qola çevirə bilmədi”.
Maykl Karrik, MY-nin baş məşqçisi:
“Oyunun əksər bölümündə yaxşı oynadıq. Rəqibin qolu haqda nə deyəcəyimi bilmirəm. Məhz bu qol oyunun axarına ciddi təsir göstərdi. Əleyhimizə olan belə qərarı qəbul etmək çətindi. Fernandesin epizoda təsirini nəzərə almadılar. Ofsayd xəttini düzgün çəkildiyinə də əmin deyiləm”.
Entso Mareska, MS-nin baş məşqçisi:
“Fasilədə futbolçulara dedim ki, oyun bizim üçün çətinləşdi, ancaq qələbə qazana biləcəyimizə inanmaq lazımdı. Və yalnız bu halda meydandan qalib ayrıla bilərik. Azlıqda qələbə qazanmaq xüsusi hadisədi. Özü də Mançester derbisində”.
Faktlar
* “Çelsi”nin qol buraxdığı oyunlar seriyası davam etdi. “Zadəganlar” premyer-liqadakı son 20 oyunda qapısını toxunulmaz saxlaya bilməyib. Onların sonuncu “quru” oyunu yanvarın 17-nə təsadüf edib (“Brentford” - 2:0). Bundan başqa, “Çelsi” cari mövsümdə müxtəlif turnirlərdə premyer-liqa təmsilçilərinə qarşı keçirdiyi 5 oyunun hamısında minimum iki qol buraxıb.
* “Tottenhem” mövsümün ilk 4 oyununda qol vurmayıb. Bu, “mahmızlar” üçün elitada çıxış etdiyi dövrdə ən uzun qolsuz seriyadı. Yalnız “Kristal Pelas” 2017/18 mövsümünün əvvəlində bundan da çox – 7 oyunda qol hesabına aça bilməyib.
* “Arsenal” tarixində 4-cü dəfə mövsümə ardıcıl 4 qələbə ilə başlayıb. “Topçular” əvvəlki belə halların yalnız birində - 2003/04 mövsümündə çempion olub, 2004/05 və 2022/23 mövsümlərində 2-ci yeri tutublar.
* “Koventri” mövsümə hədsiz uğursuz başlayıb. Frenk Lempardın rəhbərlik etdiyi komanda ardıcıl 4 oyunda uduzub. Klub tarixində ilk olan 1919/20 mövsümündən bəri ilk dəfə belə bərbad start götürüb.
* Holann “şəhərlilər”in formasında MY-nin qapısından 9-cu topu keçirdi. Norveçli ulduz derbilərdə 8 qol vuran MY-nin sabiq forbardı Ueyn Runi ilə onun MS-dən olan həmkarı Serxio Aqueronu arxada qoydu. Erik Kontana və Fil Foden hərəyə 7 qol vurub.
Turun rəqəmi
10 – MS “Old Trafford”da premyer-liqa çərçivəsində qazandığı qələbələrin sayını bu həddə çatdırdı. Heç bir başqa komandanın MY üzərində bu qədər qələbəsi yoxdu. Bu göstəricidə 2-ci yerdə “Liverpul” qərarlaşıb – 8 qələbə. “Arsenal”la “Çelsi”nin “Old Trafford”da 6 qələbəsi var.
Turun ulduzu
Erlinq Holann (MS) – Foden qovulandan sonra düşünmək olardı ki, MY qələbəyə daha yaxındı. Amma qola qədər o qədər də gözə dəyməyən norveçli oyunun taleyini həll etdi. Düzdü, bu qol yetərincə mübahisəlidi, Holannın bəxtinin gətirdiyini də demək olar. Ancaq bəxt də güclülərin üzünə gülür.
Turun sitatı
Ueyn Runi, MY-nin sabiq forvardı:
“Holannın qolu sayılmamalıydı – ofsaydda idi. Ancaq “Siti” hesabda önə keçən kimi bütün təcrübəsindən və oyuna nəzarət etmək bacarığından yararlandı ki, “Yunayted”i özündən çıxarsın. MY artıq MS-dən 8 xal geru qalır. Çempionatın 4 oyununun yalnız birində qələbə çox şeyi deyir”.






