“Sabah” pley-offa da səfər məğlubiyyəti ilə başladı. Amma budəfəki 1:2-nin “Orhus”la oyundakından fərqi var. Mənə elə gəlir ki, indi Azərbaycanın futbol ictimaiyyəti əsas mərhələyə vəsiqənin taleyi baxımından əvvəlki qədər nikbin deyil. Bu üzdən iki 1:2-nin oxşar və fərqli cəhətləri üzərində dayanacağıq.
Yeganə oxşar cəhət hesabdı. Yəni “Sabah” Randersdə də 1:2 uduzdu, Buxarestdə də. “Orhus”la oyundakı qol təsəlli xarakteri daşıdısa, ev oyunu üçün ümid verdisə, bu dəfə “bayquşlar” irəli çıxdı, amma qələbə hesabını qoruya bilmədi.
Fərqlər o qədər çoxdu ki... “Sabah” “Orhus”a heç bir əsas komponentdə uduzmadı, “1 nömrə” kimi oynadı, xeyli qol vəziyyəti yaratdı, tirdən, dirəkdən dönən zərbələr oldu, odu ki, yekunda uduzsa da, rəqibdən üstünlüyü şübhə doğurmadı, evdə bir qədər əziyyət çəkməklə işi bitirdi. Buxarestdə isə “bayquşlar” heç nədə üstün olmadı, oyunboyu təşəbbüsə yiyələnə bilmədi, ilk yarıda az-çox başa-baş mübarizə aparsa da, 2-ci yarıda müşahidəçi statusu ilə kifayətləndi. 1-ci hissənin sonunda vurulan qol “Hapoel”də necə emosional yüksəliş doğurdusa, 2-ci hissədə rəqib aşkar üstün oyunla qələbə topunu da vurdu. Məşqçi bacarığına və dühasına şübhə etmədiyimiz Dambrauskasun dəyişiklikləri də işə yaramadı. Heç nə ilə yadda qalmayan, tənbəl Severinanı əvəz edən Mbina iki əlverişli imkanı qaçırandan sonra “yatdı”, “Orhus”la ev oyununda heç nədən özü üçün qol vəziyyəti yaradan Nvaçukvu İsayevi layiqincə əvəzləmədi (bu dəyişiklik özü də mübahisəli idi).
Mənə qalsa, bütün ümidləri puç edən, varlığı ilə yoxluğu bilinməyən Mikelsi əvəz edərdim. Zəif təsir bağışlayanlar sırasında Daşdəmirovla Raxmonaliyevin adını çəkəndən, “Sabah”ın ümumilikdə fiziki cəhətdən çox yorğun göründüyünü vurğulayandan sonra başqa mətləbə keçmək istəyirəm.
Bəli, bu məğlubiyyət komandanı ÇL-in əsas mərhələsində görmək istəyən “Sabah” azarkeşlərini sarsıtdı. Amma 1:2 dünyanın sonudumu, “Hapoel” hədsiz güclüdümü? Son iki suala birmənalı şəkildə “yox” deyirəm. Bu məğlubiyyətin əvəzini çıxmaq olar, Dambrauskas oyundan sonra hər nə qədər ehtiyatlı danışsa da, bu vəziyyətdən çıxmağın yolunu tapmalıdı.
“Hapoel” qeyri-adi komanda deyil. Məsələn, rəqibin heyətində Zedadka, Puxaç, Simiç səviyyəsində oyunçu yoxdu. Sadəcə, komanda oyunu yüksək səviyyədədi, oyunçular arasında anlaşma idealdı, saat mexanizmi kimi çalışırlar, hesabda geri düşəndən sonra da hansısa panika, həyəcan yaranmır, Beer-Şeva təmsilçisi inadla öz oyun üslubunu, dəst-xəttini davam etdirir, nəticəyə hesablanan, bəzi hallarda hətta idbar, çirkin oyun göstərir. Nominal meydan sahiblərinin cəmi 8 dəqiqə aralığında üç sarı vərəqə alması da buna sübutdu. Təhlükə görən kimi rəqib futbolçunu istənilən üsulla dayandırmağa çalışırlar.
Bəs “Hapoel”i ÇL-dən kənara atmaq olarmı? Lap canını da almaq olar! Sadəcə, ilk növbədə Dambrauskas oyunçu seçimi baxımından ideal variant tapmalıdı. Parris niyə unuduldu, Daşdəmirov Makkartidən güclüdümü, Lepinitsanı Xaybullayevlə əvəzləmək olmazdımı – bütün bu suallar üzərində litvalı mütəxəssis düşünməlidi. Oyunçu seçimi öz yerində, Bakıda – dolu tribunalar önündə (azarkeş sayı bu rəqibə təsir etməsə də belə, izdihamın heç bir ziyanı yoxdu!) oyunun məzmunu dəyişməlidi, bu dəfə hadisələrin axarına “Sabah” diqtə etməlidi.
Çox güman, “Bəhramov”un qazonu “Culeşti” ilə müqayisədə daha ideal vəziyyətdə olacaq, hər kiçik toqquşmada torpaq-ot parçaları göyə uçmayacaq. Ən əsası, Dambrauskas Mikelsə həyatı lazımi şəkildə başa salacaq, ona fərdi maraqları kollektivin maraqlarına qurban verməyi öyrədəcək. Bakıda dinamikanı, sürəti artıra, bacardığımız kombinasiyalı oyun qura bilsək, “Hapoel”ə “Orhus”un aqibətini yaşatmaq olar. Belə nəticənin mümkünlüyünə ilk növbədə Dambrauskas və futbolçuları inanmalıdı. Azarkeş onsuz da “Sabah”a inanır, ilk iki oyunda göstərdiyi dəstəyi bir qədər də artıracaq.
“Hapeol” əvvəlki üç rəqibdən güclü olsa da, keçilməz deyil! Məhz bu məqam Dambrauskas və komandası üçün istinad nöqtəsi olmalıdı. Qələbəli son mümkündü və lazımdı!
HUŞƏNG
“Sabah”ın iki 1:2-si – oxşar və fərqli cəhətlər
Manşet / Yazarlar






