"Hapoel"dən cavab qolu

19.08.2026 23:49 5
Manşet / Avrokuboklar
Bu həftə avrokuboklarda pley-off mərhələsinin ilk oyunları keçiriləcək.

Bilindiyi kimi, "Sabah" Çempionlar, "Qarabağ" Konfrans Liqasında meydana çıxacaq. Hər iki komanda səfərdə oynayacaq. "Bayquşlar"ın görüşünü İctimai Televiziyanın, "köhlən atlar"ın qarşılaşmasını isə "CBC Sport"un efirindən canlı izləyə biləcəyik. İndi isə daha detallı...

Çempionlar Liqası
pley-off, ilk oyun
Hapoel (Beer-Şeva, İsrail) - Sabah 1:1

Javon İst, 43 - Velko Simiç, 6
Hakimlər: DAVİDE MASSA, Filippo Meli, Alessio Berti, Matteo Marcenaro (hamısı İtaliya).
19 avqust. Buxarest, "Culeşti" stadionu. Saat 23.00.

Konfrans Liqası
pley-off, ilk oyun
Tvente (Niderland) - Qarabağ

Hakimlər: YUÇİN ÇAYA, Reydi Avdo və Mario Şazivari, Emanuela Rusta (hamısı Albaniya).
20 avqust. Enşede, "Tvente" stadionu. Saat 22.00.

Avropa Liqasında uğursuzluğa düçar olan "Qarabağ" bəxtini Konfrans Liqasında sınamaqdadı. Komanda burda Kiyev "Dinamo"sunu mübarizədən kənarlaşdırıb. İndi növbə "Tvente"nindi! İş ondadı ki, ağdamlılar bu dəfə daha güclü rəqiblə üz-üzədi. Əlbəttə, belədə daha cəsarətli, mübariz, əzmkar olmaq, inamlı çıxış etmək lazımdı. Sözsüz, baş məşqçi Qurban Qurbanov yetirmələrinə bu yöndə müvafiq tapşırıqları verəcək. Bəli, hədəf səfərdən sərfəli nəticə ilə qayıtmaqdı. Ancaq böyük məyusluqla təmsilçimizin ciddi problemlərlə mübarizə apardığını bildirməliyik. Zakaria Savonun zədəsindən xəbərdar idiz. Yeni transferlərdən olan mərkəz hücumçusu mövsümə uğurlu start versə də, sıradan çıxdı. İndi də komandanın uğurlarında böyük payı olan Elvin Cəfərquliyev heyətdə olmayacaq. "Qarabağ"ın açıqladığı məlumata görə, "Dinamo" ilə ev oyununda zədələnən cinah müdafiəçi iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

"Tvente"nin durumuna gəlincə, komandada əhval-ruhiyyə yüksək səviyyədədi. Ölkə çempionatında "Zvolle"ni 3:1 hesablı məğlubiyyətə uğradan kollektiv mövsümdə ilk qələbəsini qazandığına görə xoşbəxtdi. Həmin oyundan sonra jurnalistlərin suallarını cavablayan baş məşqçi Con van den Brom futbolçularından razı qaldığını bildirib, onların çıxışını yüksək qiymətləndirib. Həmçinin azarkeşləri "Qarabağ"la matçlarda dəstək olmağa çağırıb.

Tərəfdarlardan söz düşmüşkən, Niderland çempionu bizim azarkeşlər üçün 1500 yer ayırıb. Matçın vauçerləri satışdadı. Vauçerləri “iticket.az” saytından onlayn şəkildə 45 manat ödəməklə əldə etmək mümkündü. Bundan sonra biletlər oyun gününədək alıcının e-poçt ünvanına göndəriləcək. Stadiona giriş yalnız biletlə mümkün olacaq və azarkeşlərin üzərində şəxsiyyəti təsdiq edən sənəd olmalıdı. "Qarabağ" tərəfdarları 325 və 326-cı sektorlara "Gate X" girişindən daxil olacaq.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul