Vüsal İsgəndərlinin taleyinə aydınlıq gəlib. Albaniyanın “Partizani” klubunda çıxış edən 29 yaşlı vingerin müqavilə müddəti başa çatıb. Bu səbəbdən o azad agent kimi Kosovoya üz tutub. Həmyerlimiz “Malişevo” klubuna transfer olunub. Bu mövsüm Albaniya elitasında 31 matça çıxan Vüsal 6 qol və 3 məhsuldar ötürmənin müəllifidi. Bəs yığmada da müntəzəm oynamaq istəyən futbolçu üçün bu keçid irəli, yoxsa geriyə addımdı?
Əslində bu iki ölkənin futbolu arasında elə bir ciddi fərq yoxdu. Məsələn, Kosovo UEFA-nın əmsallar cədvəlində 35-ci, Albaniya 44-cü pillədə qərarlaşıb. Çox güman, Vüsalın seçimində əsas amil “Malişevo”nun avrokuboklara vəsiqə qazanması olub. Bu komanda son mövsümdə 2-ci yer tutub və Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Vlajniya” ilə qarşılaşacaq. “Partizani” isə son mövsümdə 5-ci yeri tutub.
“Malişevo” bizə həm də Yusif İmanova görə tanışdı. Qapıçı adı çəkilən klubla müqavilə bağlasa da, bir oyun da keçirmədən qayıtdı. “Transfermarkt”da “Malişevo”nun dəyəri 6,3 milyon avrodu.
İSRAYIL XEYRULLAYEV