DÇ-2026-ın seçmə mərhələsinin son turunda millimiz evdə Fransaya məğlub oldu - 1:3.
“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların baş məşqçisi Didye Deşam jurnalistlərin suallarını cavablayıb.
- Məqsədimiz işimizi görmək idi. İlk hissə çətin alındı. Azərbaycan yığması çox aqressiv oynadı. Nəticədə işimizin öhdəsindən gələ bildik.
- Ekitike və Mateta ilə bağlı fikirləriniz necədi?
- Fürsətlərdən yararlanmağa çalışdılar, yaxşı oynadılar. Qol vurması Mateta üçün yaxşıdı.
- Oyundan əvvəl ilk 5 dəqiqənin məhz belə keçəcəyini desəydilər, buna inanardız?
- Heç vaxt belə düşünməzdim. Oyun 90 dəqiqə davam edir. Təəssüf ki, rəqib aqressiv və dinamik idi. Rəqib qol vursa da, sonradan vəziyyəti dəyişə bildik. Bacardığımızı etdik və qalib gəldik.
- 30 il əvvəl oynadığınız Azərbaycan millisi ilə indi nə oxşar cəhət var? Bir də ki Bakı haqda təəssüratlarınız?
- Dəqiqliklə xatırlamıram. Amma bütün millilərə hörmətlə yanaşıram. İrəliləyiş var. “Qarabağ” ÇL-də oynayır, xallar toplayır. Bakıda əla enerji var idi. Stadionda iynə atsan, yerə düşmərdi. Keyfiyyətli futbolçularınız var. Ukrayna ilə oyunda da bunun şahidi olduq.
- Ləğv olunan qollarda etiraz hakimlərə idi, yoxsa futbolçulara?
- VAR-ın qərarına qarşı çıxmıram. Hər zaman qərarlara hörmət edirəm. Bu qərarları qəbul edirəm. Fürsətdən istifadə edib, Azərbaycan xalqına, qonaqpərvərliyinə görə təşəkkür, Yeni il münasibəti ilə təbrik edirəm.
MÜZƏFFƏR QULUZADƏ
"Azərbaycan yığması çox aqressiv oynadı" - Didye Deşam
Ölkə futbolu / Manşet





