“Nə qədər gülməli səslənsə də, oyunda ilk təhlükəli vəziyyətləri biz yaratmışdıq” – 0:10-dakı kapitan

10.10.2025 11:27
Ölkə futbolu / Manşet
Azərbaycanın futbol yığması bu gün DÇ-2026-ın seçmə oyununda Fransa ilə qarşılaşacaq.

"Football-plus az" xəbər verir ki, bu rəqiblə bağlı duyğularımız heç də xoş deyil. 1995-ci il sentyabrın 6-da Oserdə keçirilən oyunda fransızlar qapımızdan 10 cavabsız qol keçirib. Həmin oyunda kapitan sarğısını Şahin Diniyev daşıyıb.

- Şahin bəy, məğlubiyyət anlaşılandı. Bəs hesabın 10:0 olmasının səbəbi nə idi?
- Nə qədər gülməli səslənsə də, oyunda ilk təhlükəli vəziyyətləri biz yaratmışdıq. İki-üç qol epizodumuz olmuşdu. Sonra hardan gəldi vururdular, qol olurdu. 30-40 metrdən qol vurdular, hər zərbələri qolla nəticələnirdi. Hər cür qol buraxmışdıq.

- O vaxt komandanın ən yaxşılarından olan Nazim Süleymanovun milliyə gəlməsinə “Alaniya”nın baş məşqçisi Valeri Qazzayev icazə verməmişdi. Onun yoxluğu komandaya nə dərəcədə təsir etdi?
- Vallah, bir oyunçudan çox şey asılı deyil. Əlbəttə, Nazim səviyyə baxımından çox yaxşı idi. O hücumçu idi. Müdafiədə necə olacaqdı - bunu deyə bilmərəm. Nazimin olması bizim üçün müsbət amil ola bilərdi. Amma böyük dəyişiklik olacağını düşünmürəm. O vaxt Fransa yığması, səhv etmirəmsə, dünya çempionatında 3-cü yeri tutmuşdu (Şahin bəy səhv edir. Fransa heç DÇ-94-də vəsiqə qazanmamışdı, sadəcə, yığmamızı darmadağın edən komanda DÇ-98-in qalibi oldu – red.). Erik Kantona başda olmaqla böyük futbolçuları var idi.

- Bəs yığmamızın o vaxtkı heyət daha yaxşıdı, yoxsa indiki?
- Onda təlim-məşq toplanışı yox idi. Birbaşa gəlib oyuna çıxırdıq. Taktiki gedişlər, fiziki hazırlıq olmurdu. Azərbaycan o səviyyədə deyildi ki, bunları etsin. Şərait çox zəif idi.

MÜZƏFFƏR QULUZADƏ