3-cü MDB Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Sentyabrın 28-də Gəncə şəhər stadionunda keçiriləcək 3-cü MDB Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyacaq.
Asiman Qurbanlı 3-cü MDB Oyunlarında çıxış edəcək ən titullu idmançılardan biridi. O, üçqat Avropa çempionu, 2019-cu il II Avropa Oyunlarının və 3-cü İslam Həmrəyliyi Oyunlarının qalibi, 2011-ci il Dünya Çempionatının gümüş mükafatçısıdı.
Zemfira Həsənzadə olimpiya çəki dərəcələrində Avropa çempionatının bürünc mükafatçısı, gənclər arasında Avropa çempionudur.
Qeyd edək ki, III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhərində keçiriləcək. Yarışlar isə Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərinin 12 idman məkanında təşkil olunacaq.