''Qalatasaray'' ''Ayaks''dan ayrılmaq istəyən türkiyəli ilə danışıqlar aparır

21.07.2025 09:20 15
Dünya futbolu
Yeni mövsümə hazırlığını davam etdirən ''Qalatasaray'' yerli bir müdafiəçi transfer etmək istəyir.

''A Spor'' kanalının iddiasına görə İstanbul nəhəngi diqqətini ''Ayaks''lı Ahmetcan Kaplana yönəldib. 22 yaşlı futbolçunun meneceri İstanbul nəhənginin rəsmiləri, eləcə də ''Köln'' ilə danışıqlar aparır. Çünki bundesliqanın debütantı da ona maraq göstərir. Özü də bu danışıqlar ''Ayaks''ın icazəsi ilə aparılır. Bunu amsterdamlıların baş məşqçisi Con Heytinqa da təsdiqləyib.

Kaplan ''Ayaks''ın ''Mexelen''ə qarşı son yoxlama matçında iştirak etmədi. Heytinqa oyundan sonra türkiyəli ilə bağlı suala cavab verərkən bunları dedi:
''Kaplan karyerasında yeni səhifə açmaq istəyir. Yeni bir meydan oxuma üçün bizdən icazə istəyib''.
Qeyd edək ki, Ahmetcan Kaplan ''Trabzonspor''un yetirməsidi. Böyük gələcək vəd edən bu mərkəz müdafiəçisi 2021/22-də diqqət çəkmiş və həmin yay ''Ayaks''a yollanmışdı. Amma zədələr onun Niderland karyerasını faktiki olaraq məhv etdi.

Bu müddətdə bir neçə dəfə ağır zədələr alan Kaplan geridə qalan 3 mövsümdə ''Ayaks''da cəmi 25 rəsmi oyuna çıxaraq aktivinə 1 məhsuldar ötürmə yaza bilib.