Həftənin ən yaxşı oyunçusu seçildi

22.04.2025 15:56 2
Dünya futbolu
Çempionlar Liqasında (ÇL) 1/4 finalın cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

UEFA-nın saytının məlumatına görə, namizədlər Seru Girassi (Borussiya D), Usman Dembele (PSJ), Lautaro Martines (İnter) və Deklan Rays (Arsenal) idi. ÇL-də həftənin ən yaxşı futbolçusu adına Girassi layiq bilinib.

Qvineyalı hücumçu UEFA-nın saytında keçirilən sorğuda 1-ci yeri tutub. xatırladaq ki, Seru “Borussiya”nın (Dortmund) evdə “Barselona”ya 3:1 hesabıyla qalib gəldiyi oyunda het-trik etmişdi. Onun hazırda turnirin ən yaxşı bombardirlərinin siyahısında 13 qolla lider olduğunu qeyd edək.

ÇL-də həftənin rəmzi komandası da açıqlanıb. 11 nəfərlik heyətə PSJ, “İnter”, “Aston Villa”, Dortmund “Borussiya”sı və “Arsenal”ın 2, “Bavariya”nın isə 1 futbolçusu layiq bilinib: qapıçı - Canluici Donnarumma (PSJ); müdafiəçilər - Benjamen Pavar (İnter), Ezri Konsa (Aston Villa), Yakub Kivyor (Arsenal), Nunu Mendeş (PSJ); yarımmüdafiəçilər - Maykl Olise (Bavariya), Paskal Qross (Borussiya D), Deklan Rays (Arsenal), Con Makqinn (Aston Villa); hücumçular - Lautaro Martines (İnter), Seru Girassi (Borussiya D).