"Şamaxı" Misli premyer-liqasının 31-ci turunda evdə "Kəpəz"ə qalib gəldi - 2:1.
"Football-plus.az" xəbər verir ki, "şirlər"in baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Maraqlı və sürətli oyun idi. Möhtəşəm dəstəyə görə azarkeşlərimizə təşəkkür edirəm. Evdə qalib gəlmək istəyirdik Çətin oldu. Meydanda yaxşı mübarizə getdi. Növbəti matçlarda yüksək motivasiya ilə oynamalıyıq. Bizdən yuxarıda olan komandalara çata bilərik. "Şamaxı"nın istəyinə çatacağına inanırdıq. Az qalıb. Gələn il daha yaxşı olmaq üçün bu oyunlar vacibdi.
- Maykl Tuikə qırmızı vərəqə gördüyü üçün iradınız oldu? Komanda hücumçusuz qaldı...
- Bir hücumçuyla oynamaq böyük riskdi. Xal durumu başqa cür olsaydı, böyük çətinliklə üzləşəcəkdik. Hansısa taktiki dəyişiklik edə bilərik. Ola bilər ki, gənc futbolçu Elmar Məmmədova şans verək. Bəlkə də onu əvəzləməyə gecikdik. Konate ilə Tuikin sarı vərəqəsi var idi. Nəsə fikirləşəcəyik.
- U-21 millisinin baş məşqçisi kimi başqa komandalardakı gəncləri heyətə cəlb etmək üçün danışıqlara başlamısız?
- Bəli.
- Tovuz səfərində nəyə ümid edəcəksiz?
- "Turan Tovuz"un motivasiyası yüksəkdi. Evdə oynayırlar, 3-cü pilləyə yüksəlmək şansları var. Çox çətin oyun olacaq. "Turan Tovuz"la oyunlarda pis çıxış etməmişik. Futbolçularıma inanıram.
- Legionerlərlə yeni müqavilə barədə danışıqlar aparılır?
- Bir neçə futbolçumuzun müqaviləsi davam edir. Qalan oyunçularla da danışırıq. Bəzi futbolçulara təklif var. Bizim də büdcəmiz bəllidi. Bizdən başqa hamının rəsmi olmasa da, dəstəyi var. Gənc futbolçularla danışırıq. Uğurumuz yalnız premyer-liqada qalmaq deyil, gənclərə də şans vermişik.
- 1-ci liqada "İmişli" - "Qəbələ" oyununu stadiondan izlədiz. Ordan hansı təəssüratla ayrıldız?
- Aşağı liqalarda xeyli oyuna getmişəm. Sadəcə, mətbuat həmin görüşləri geniş işıqlandırmır. Çox maraqlı oyun izlədim. "Qəbələ"nin gənc futbolçularını iş başında görmək istəyirdim. Milli üçün seleksiyamız yaya qədər davam edəcək.
- Sponsor olsaydı, "Şamaxı" avrokuboklar uğrunda mübarizə apara bilərdi?
- Sponsorun fikri önəmlidi. Gərək düşüncə tərzimiz eyni olsun.
KƏNAN BAHADIR