"Qəbələ" 1-ci liqaya getdi, gördü, qalib gəldi, AFFA hələ pulu ödəməyib!

5.04.2025 21:15 268
Ölkə futbolu / Manşet
"Qəbələ" dünən futbol üzrə ölkə çempionatının 20-ci turunda "Baku Sportinq"in meydanından böyükhesablı qələbə (5:0) ilə ayrıldı və Misli premyer-liqasına vəsiqə qazandı.

Xatırlayırsızsa, AFFA İcraiyyə Komitəsinin ötən ilin iyununda keçirilən iclasında "qırmızı-qaralar"a akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700 min manat maliyyə vəsaitinin ayrılması qərara alınmış, kluba dəstək üçün müxtəlif yaş qrupları üzrə millilərimizin, həmçinin hakimlərin Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulmuşdu.

"Football-plus.az"ın əldə etdiyi məlumata görə, AFFA həm yığmalar, həm də hakimlərlə bağlı toplanışın bu bölgədə keçirilməsinə şərait yaratsa da, 700 min manat hələ "Qəbələ"nin hesabına köçürülməyib. AFFA-dan kluba həmin pulun gələn həftə ödəniləcəyi bildirilib.

KƏNAN BAHADIR