Mahir yenidən bədbəxt hadisəylə üzləşdi? - AFFA rəsmisi durumunu açıqladı

13.10.2024 22:22 2 018
Aktual / Yığma
Millimizin üzvü Mahir Emreli Estoniyayla matçda start heyətində yer almasa da, 64-cü dəqiqədə meydana çıxdı.

Hücumçu Millətlər Liqasının 3-cü turunda keçirilən oyunun 74-cü dəqiqəsində yaşananlardan sonra axsadı. Belə ki, meydanın yığmamıza aid hissəsində Karol Metsin kobudluğu üzündən yerdə qalan futbolçu sona qədər özünü yaxşı tərəfdən göstərə bilmədi. Belədə onun bu yaxınlarda sağalan zədəsini yenilədiyini düşünənlər oldu.

Bu üzdən AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədlidən Emrelinin durumunu soruşduq. Onun "Football-plus.az"a dedikləri:

"Mahir özünü yaxşı hiss edir. Zədələnməyib. Matçdan sonra həm Estoniyada, həm də Azərbaycanda keçirilən məşqlərdə iştirak edib. Hansısa problemi yoxdu".

KƏNAN BAHADIR