Misli premyer-liqasının 9-cu turunun “Sabah” - “Araz-Naxçıvan” matçında (1:1) bir məqam diqqətimizi çəkdi.
Əməkdaşımız övladına yüngül qidalar və su alan valideynin stadiona buraxılmadığının şahidi olub. Biz tribunalara su ilə keçməyə icazə olmadığını bilirik. Bəs yemək? Ümumiyyətlə, bu məsələyə daha həssas yanaşmaq olmazdı?
“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun “Football-plus.az”a cavabı:
“Stadiona qida məhsulları, şüşə və plastik qablarda içki, bərk bağlamalı qablarda və bankalarda qida məhsulları ilə daxil olmaq qadağandı. Bununla bağlı müntəzəm rəsmi səhifələrimizdə də məlumat vermişik. Bu qaydalar təkcə "Sabah"ın oyununda yox, bir çox beynəlxalq oyunlarda da tətbiq olunur. Stadionun ərazisində su və qida məhsullarının satışı təşkil olunur. O ki qaldı biletli azarkeşin oyuna buraxılmamasına, bu mümkün deyil”.
RÖYANƏ OĞUZ