Bazar günü keçirilən “Turan Tovuz” – “Zirə” oyununda xoşagəlməz hadisə yaşandı.
Belə ki, 16-cı dəqiqədə Ayxan Quseynov rəqib qapısına yol tapsa da, Marandiçi hücumun gedişində əllə oynadığına görə qol sayılmadı. Bununla bağlı yaranan narazılıq zamanı emosiyalar həddini aşdı. Hətta “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovla “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev arasında dialoq da keçdi. Oyundan sonra Sadıqov olayı belə izah etdi:
“Kurban Berdıyevi təbrik etdim, daha sonra içəri girdim və gördüm ki, futbolçular bir istiqamətə qaçdı,onları ayırdım, sakitləşdirdim. Şəhriyara da bildirdim ki, artıq qələbə qazanmısız, təbrik edirik, bu şeylərə, iki komandanın futbolçularının “qırmızı” almasına nə ehtiyac var? Belə, başqa heç nə”.
Bu münaqişə ilə bağlı Şəhriyar Əliyevin də fikirlərini öyrəndik:
“Sözün düzü, orda elə ciddi hadisə baş verməyib. Oyun bitəndən sonra biraz dava-qırğın oldu. Mən onlarla danışırdım. Açığı, yaxınlaşdım ki, onlarla sağollaşım. Çünki ötən dəfə Utziqlə aramızda anlaşmazlıq olmuşdu. Bəlkə də onu nəzərdə tuturlar. Böyük bir hadisə baş verməyib. Rəşad Sadıqov da deyir ki, heç nədan dava-dalaş olmasın, aramızda problem yaşanmasın, qırmızı vərəqə olmasın. Yəni aramızda belə bir dialoq olub. Elə böyük gərginlik, problem deyildi. Yazılanlar qədər ciddi nəsə olmayıb. Oyundan sonra sağollaşıb, ayrıldıq. Bir-birimizə qarşı hörmətsizlik heç vaxt olmayıb, ola da bilməz. Əslində bu məsələ stadionda olan bir şeydi. Sağollaşandan sonra Rəşad Sadıqov paltardəyişmə otağına, mən də oyunçularımızın yanına getdim. Əsas odu ki, hər şey öz qaydasındadı”.
RÖYANƏ OĞUZ