“Tottenhem”in təxmini start heyəti açıqlandı – baş məşqçi dəyişiklik etməkdən çəkinib?

26.09.2024 20:12 94
Aktual / Avropa Liqası
Avropa Liqasının liqa mərhələsinin 1-ci turunda keçiriləcək “Tottenhem” – “Qarabağ” matçının başlamasına bir neçə saat qaldı.

“Football-plus.az” xəbər verir ki, “football.london” “mahmızlar”ın baş məşqçisi Ange Postekoğlunun “köhlən atlar”ın qarşısına çıxaracağı start heyətini proqnozlaşdırıb.

Nəşrin iddiasına görə, mütəxəssis “çərçivə”ni Freyzer Forsterə əmanət edəcək. Müdafiə xəttinin sağında Arçi Qrey, mərkəzində Radu Draqusinlə Miki van de Ven, solunda isə Ben Davies tər tökəcək. Yarımmüdafiədə isə Deyan Kulusevski, Yves Bissouma və Lukas Berqvalla şans veriləcək. Mərkəz hücumçusu kimi Dominik Solanke oynayacaq ki, ona sağdan Mikey Moore, soldan isə Son Hın Min yardımçı olacaq.

“Postekoğlu əsas heyətdə çoxlu dəyişiklik etməkdən çəkinib. Mütəxəssis haqlı olaraq, hələ bir-birinə uyğunlaşmayan futbolçularla Avropa Liqasına başlamaq istəmir. O, gənclərin premyer-liqa və kubok matçlarında şans qazanmasının tərəfdarıdı”
– deyə məlumatda bildirilir.

Qeyd edək ki, matç saat 23.00-da başlayacaq.

KƏNAN BAHADIR