AÇ-2024-dən başlayan eniş hələ də davam edir. Fransalı superulduz ''Real''ın heyətində oynadığı ilk 5 rəsmi matçın 3-də meydanı qolsuz tərk edib. Millətlər Liqası çərçivəsindəki son oyunlar da onun üçün uğursuz alındı.
Mbappe İtaliyaya qarşı ev matçında (1:3) o qədər zəif təsir bağışladı ki, yığmanın baş məşqçisi Didye Deşam Belçikaya qarşı son ev oyununda (2:0) onu ehtiyatda saxladı. İkinci hissənin gedişində oyuna daxil olan 25 yaşlı futbolçu meydanda olduğu müddətdə yenə heç nə ilə yadda qalmadı. Bu üzdən o hazırda Fransada ən çox müzakirə edilən futbolçuların başında gəlir.
Mbappeni tənqid edənlərin sırasına Kristof Dyuqarri də qoşulub. Fransanın heyətində DÇ-1998 və AÇ-2000-nin qalibi olan Dyuqarri bunları deyib:
"Mbappedə indi heç bir liderlik keyfiyyətləri görmürəm. İşə bu cür yanaşma tərzi ilə kapitan sarğısını daşımaq düzgün deyil. Mən sadəcə faciəvi bir mənzərə görürəm. Mbappe sanki meydanda nə etməli olduğunu, fanatların ondan nə gözlədiyini anlamır. Karyerasının əvvəllərindən başlayaraq mətbuat hər zaman onu göylərə qaldırıb. Onun haqda çoxlu tərif yazılırdı. Hamı düşünürdü ki, Kilian gənc yaşına rəğmən psixoloji cəhətdən çox güclüdü və hər şeyi anlayır. Amma indi görürük ki, bütün bu təriflər əks effekt verməyə və onun başını gicəlləndirməyə başlayıb. Mbappe meydanda hər şeyin yalnız ondan asılı olduğunu düşünməyə, üzərinə çox böyük yük götürməyə başlayıb''.
ƏLİ





