Binədə ev oyunlarını keçirən komandalar nə edəcək?

21.08.2024 22:23 980
Ölkə futbolu / Manşet
Bilindiyi kimi, Binə qəsəbə stadionunu təmirə bağlandığına görə 1-ci və 2-ci liqanın bəzi klubları problemlə üzləşib.

Söhbət 1-ci liqa təmsilçisi MOİK ilə 2-ci liqada mübarizə aparan “Dinamo” və “Şəfa”dan gedir. Əldə etdiyimiz məlumata görə, “Şəfa” növbəti mövsümdən ev oyunlarını və məşqlərini “ASK Arena”da keçirəcək. Ancaq MOİK ilə “Dinamo”dan soraq yoxdu.

Sözügedən klubalrın təmir-bərpa işlərinə görə oktyabra qədər qapıları bağlı qalacaq qəsəbə stadionunun əvəzində hansı alternativlərinin olacağı maraq doğurdu. Bu üzdən həm MOİK-in, həm də “Dinamo”nun rəhbər şəxsləri ilə əlaqə saxlayaraq, məsələnin nə yerdə olduğunu öyrənməyə çalışdıq.
Yaşar Seyidov (“Dinamo”nun prezidenti):
“Doğrusu, bu məsələyə görə bir neçə stadionla danışmışam. Yaxın bir həftə ərzində aydınlıq gələcək. Danışıq apardığımız stadionların adını indi çəkmək istəmirəm. Həmin stadionlar PFL tərəfindən qəbul olunub. Sadəcə, şifahi razılığa gəlmişik. İnşallah, növbəti həftə rəsmi müqavilə imzalayıb PFL-ə təqdim edəcəyik”.

Qəzənfər Abbasov (MOİK-in baş məşqçisi):
“Hələ ki gözləyirik. Bu məsələ barədə rəhbərliyimiz qərar verəcək. Harda desələr, oyunları da məşqləri də orda keçirəcəyik”.


KAMAL SƏFƏR