“BOS-a qayıdana qədər komanda orda məşq edəcək” - “Araz-Naxçıvan” qaçaq düşüb

12.08.2024 13:30 371
Aktual / Ölkə futbolu
Noyabrda ölkəmizdə keçiriləcək COP29 tədbirinə görə Bakı Olimpiya Stadionu (BOS) fəaliyyətini klubların üzünə qapayacaq.

Orda məşq edən klublardan biri də “Araz-Naxçıvan”dı. Muxtar Redpublika təmsilçisi “Qarabağ”la oyuna Sumqayıtda hazırlaşsa da, orda çox qala bilməyib. Buzovnada yerləşən “Gənclik” stadionuna köçən “Araz-Naxçıvan”ı burda da uzun müddət görməyə bilərik. Çünki yeni mövsümdən etibarən 1-ci liqada mübarizə aparacaq olan “Baku Sportinq” ev oyunlarını bu stadionda keçirəcək. Belədə təbii ot örtüklü stadionla bağlı bu iki klubun necə razılıq əldə edəcəyi maraq doğurur. Görəsən, “Araz-Naxçıvan” yenə yeni stadion axtarışına çıxacaq? Klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovun “Football-plus.az”a açıqlaması:

“Elə bir çətinlik yaşanmayacaq. Qrafik elə qurulacaq ki, hər iki komanda bir-birinə mane olmadan ordan istifadə edə biləcək. “Baku Sportinq” həftədə cəmi bir dəfə o stadionda oynayacaq. Həmin vaxt da məşq prosesi, yəqin ki, oyundan sonraya salınacaq. Ciddi bir dəyişiklik baş verməsə, BOS-a qayıdana qədər komanda orda məşq edəcək”.

KAMAL SƏFƏR