“Ağ-qaralar” onunla yolları ayırmağa çalışsa da, argentinalı hücumçu getmək niyyətində deyil. Guya legioner bunun üçün konkret tələb irəli sürüb. Deyib ki, “mənə çatacaq pulu son sentinə kimi ödəyin, sonra müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verək”. Aylıq 25 min dollar civarında maaş alan legioner yalnız bütün maaşını alacağı halda gedə bilər. Bu səbəbdən hazırda onunla danışıqlar davam edir və Roman Qriqorçukun istəyi ilə son oyunda adı iştirak ərizəsinə alınmadı.
2023-cü ilin yayında “ağ-qaralar”la “1+1” illik müqavilə bağlayan Melano ilə bağlı durumu öyrənmək üçün “Neftçi”nin media üzrə əlaqələndiricisi Rüstəm Əfsərliylə əlaqə saxladıq:
“Lukas Melano bizim oyunçumuzdu, müqaviləsi var. Onunla bağlı qərarı məşqçilər verəcək. Hələ ki mənim açıqlaya biləcəyim bu qədərdi”.
Onu da bildirək ki, “Neftçi” adı çəkilən legionerə görə ötən il Argentina təmsilçisi “Sarmiento”ya təzminat ödəyib. Buenos-Ayres komandası 31 yaşlı hücumçu ilə sözləşməyə xitam verməyin qarşılığında 50 min dollar qazanc əldə edib.
RÖYANƏ OĞUZ




