"Şamaxı" Misli premyer-liqasının 2-ci turunda səfərdə "Araz-Naxçıvan"a məğlub olub - 0:1.
"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:
- Oyun bərabərliyə gedirdi. Yüzfaizlik qol fürsətlərindən istifadə edə bilmədik. Çempionatın əvvəlidi. Oyundan-oyuna daha yaxşı olacağıq. Qol buraxandan sonra komandanın oyunundan razı qaldım. Bəzi futbolçular yenidi. Çempionata uyğunlaşmadıqları görünür. Amma qarşımıza qoyulan məqsədə çatacağıq. Komandaya inanıram.
- Çatışmayan cəhətləriniz nədi?
- Çatışmazlıqlar çoxdu, bunu bilirik. Sıfırdan qurulan komandayıq. Adi qol epizoduna baxın. Futbolçuların bir-birini başa düşməməsi görünür. Rəqib bir faiz şansından istifadə etdi. "Araz-Naxçıvan"ın heyətində fərdi keyfiyyətləri yüksək olan futbolçular çoxdu. Maçado bir epizoddan yararlandı. Bu da onun ustalığıdı. Həvəsdən düşməli deyilik.