Xal qazansaq da, gerilədik - UEFA REYTİNQİ

9.08.2024 11:58 371
Ölkə futbolu
Ölkəmiz ötən həftə ilə müqayisədə UEFA-nın əmsallar cədvəlində geriləyib.

"Football-plus.az" xəbər verir ki, bu həftə keçirilən Avropa kuboklarının oyunlarında mübarizə aparan 3 komandamızdan yalnız biri reytinqə xal əlavə edə bilib.

Məlum olduğu kimi, "Qarabağ" Çempionlar Liqasında "Ludoqorets"ə (1:2), "Sabah" isə Konfrans Liqasında “Sent Patriks”ə (İrlandiya) uduzub (0:1). Yalnız "Zirə" Xorvatiyada "Osiyek"lə görüşdə heç-heçə (1:1) edə bilib. Bunun sayəsində Azərbaycanın reytinqinə daha 0.125 xal əlavə olunub. Hazırda ölkəmizin ümumi xalı 18.500 təşkil edir. Bu nəticə ilə Azərbaycan ötən həftə ilə müqayisədə 1 pillə geriləyərək 24-cü yerə düşüb.

23-cü pilləyə isə Slovakiya yüksəlib (18.750 xal). Bizdən bir pillə gerini - 25-ci yeri bölüşdürən İsveçlə Bolqarıstanın isə 18.375 xalı var.

Reytinqə əvvəlkitək İngiltərə (89.160 xal) başçılıq edir.