“Böyük inamsızlıq və məyusluq anları yaşadım” – Quzzo “Neftçi”də özünü tapacaqmı?

9.08.2024 09:46 768
Ölkə futbolu / Manşet
“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib. “A Bola”nın məlumatına görə, bakılılar Rafael Quzzoyla 2 illik müqavilə imzalayıb. Onun keçidinin tezliklə ictimaiyyətə açıqlanacağı gözlənilir.

“Football-plus.az” xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin sonuncu klubu “Şaviş”di (Portuqaliya). 2023/24 mövsümündə sabiq komandasının heyətində 17 matç keçirən oyunçu 2 qolla yadda qalıb. Quzzo karyerası ərzində Portuqaliyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarının, həmçinin “Benfika B”, “Tondela”, “Vizela”, “Famaliko” (hamısı Portuqaliya), “Reus Deportio” (İspaniya), “Qoyas” (Braziliya) kimi komandaların formasını geyib. Rafael karyerasının ən uğursuz dönəmini İspaniyada keçirdiyini bildirir. “A Bola” nəşrinə müsahibə verən futbolçu təxminən 3 il əvvəlki dövrü belə xatırlayır:

“Böyük inamsızlıq və məyusluq anları yaşadım, amma ailəm həmişə yanımda idi. Bu gün eyni şeyi təkrar yaşasaydım, şübhəsiz, peşəkar yardım axtarardım. Tapdığım emosional ailə sabitliyi karyeramı canlandırmaq üçün çox vacib idi”.

Əlbəttə, indi hər şey geridə qalıb, futbolçu toparlanıb. “A Bola”nın məlumatına görə, “Neftçi” Quzzonun təcrübəsi və bacarığı sayəsində orta sahəni gücləndirəcəyini düşünür. Yeri gəlmişkən, “Transfermarkt”a görə, Rafaelin dəyəri 600 min avrodu.

KƏNAN BAHADIR