“Həmin legionerlərlə bağlı məsələ hələ də açıq qalır” – “Qəbələ”dən reaksiya

12.07.2024 15:29 380
Ölkə futbolu / Manşet
Bilindiyi kimi, “Qəbələ” növbəti mövsümdən etibarən 1-ci liqada çıxış edəcək.

Bölgə təmsilçisinin artıq yay hazırlıq planı da bəllidi. İyulun 25-də start götürəcək təlim-məşq toplanışının ilk həftəsi seleksiya xarakteri daşıyacaq. Maraq doğuran məqam isə hələ də komandanın heyətində yer alan iki legionerin - Zurab Oçiqava ilə Kristof Atanqananın taleyidi.

Bəs həmin legionerlər təlim-məşq toplanışına qoşulacaqmı? Eyni zamanda komandadan ayrılan futbolçuların yeri kimlə doldurulacaq?

Klubun mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı “Football-plus.az”ın suallarını belə cavabladı:

“Həmin legionerlərlə bağlı məsələ hələ də açıq qalır. Toplanışın başlamasına hələ 13 gün var. Bu müddət ərzində də həll oluna bilər. Hələ ki danışıqlarımız gedir. Əlbəttə, əsas üstünlüyümüz akademiyanın oyunçularınadı. Onlardan bəzisi ötən mövsümdən bəri ara-sıra məşqlərə qoşulub. Başqa akademiyaların yetirmələri var ki, onlar da komandamızda yer alacaq və toplanışda iştirak edəcəklər. Yeni transferlər də reallaşa bilər”.

KAMAL SƏFƏR