Dünən Bakı Futbol Federasiyası (BFF) İctimai Birliyinin növbədənkənar Hesabat-Seçki Konfransı keçirilib. Beynəlxalq dərəcəli hakim, "Neftçi"nin sabiq vitse-prezidenti, "Sabahın ulduzları" uşaq-gənclər layihəsinin ideya müəllifi Tahir Süleymanov Bakı Futbol Federasiyasının prezidenti seçilib.
Bildiyiniz kimi, vaxtilə Bakı Futbol Federasiyasına Tahir bəyin böyük qardaşı, mərhum həmkarımız Məzahir Süleymanzadə rəhbərlik edib. Tahir bəyin uzun fasilədən sonra bu quruma rəhbər vəzifəyə gəlməsi müəyyən suallar doğurur. Konkret bu seçkinin AFFA prezidenti postuna aprelin 2-də keçiriləcək seçki ilə birbaşa bağlılığı olduğu, sabiq hakimin futbol rəhbərliyinə gəlmək niyyətinə düşdüyünü deyə bilərik. Dünən bu məsələ ilə bağlı Tahir bəyə müraciət etməyə ehtiyscac duyduq:
"Mən ani seçim olduğunu deməzdim. Geridə qalan illər ərzində fərqli təkliflər olsa da, müxtəlif səbəblərə görə razılıq verməmişəm. Bilirsiz ki, daim təhlillərimdə, eyni zamanda müsahibələrimdə futbol təsərrüfatında olan problemlər müntəzəm qabardılıb, idarəetmənin düzgün olmadığı xüsusi vurğulanıb və əsaslandırılıb. Hazırkı durumda ölkə futbolu böyük dəyişikliklər astanasındadı. Keçmişin səhvləri təhlil edilməli, zərgər dəqiqliyi ilə seçimlər aparılmalıdı. İlk öncə federasiyanın maddi-texniki bazasının yaradılması önəmlidi və bu istiqamətdə ciddi işlər görülməlidi. Azərbaycan futbolunun ən yaralı sahəsi uşaq-gənclər futboludu. BFF-nin başqa vacib məsələlərlə birgə, prioritet istiqaməti bu yöndə olmalıdı. Bunun üçün AFFA və üzvləri mütləq şəkildə vahid sistem üzrə çalışmalıdı. Vaxtilə araya-ərsəyə gətirdiyimiz, Azərbaycanda bir nömrəli uşaq futbol layihəsi kimi özünü təsdiq etmiş "Sabahın ulduzları" yarışlarının yenidən və daha üst səviyyədə həyata keçirilməsi zərurəti yaranıb. Ümumiyyətlə, bu layihə təkcə paytaxtı əhatə etməməli, bütün ölkəyə yayılmalıdı. AFFA-nın yeni seçiləcək rəhbərliyi ilə bu məsələ ciddi müzakirə edilərək həyata keçirilməlidi. Futbolun dirçəlməsi ancaq keyfiyyətli işlək mexanizmin qurulmasından, bütün futbol strukturlarının birgə, qarşılıqlı fəaliyyətindən asılıdı. Prezident olmaq istəyimə gəlincə, AFFA Nizamnaməsinə uyğun üzvlər tərəfindən konfransa 15 gün qalmışa qədər, tələblərə cavab verən istənilən şəxsin namizədliyi irəli sürülə bilər. Tək federasiya rəhbəri yox, İcraiyyə Komitəsində dəqiqliklə qeyd edilmiş üzvlərin təşkilatlar üzrə kvota sayı var. Eyni zamanda BFF konfransda səsvermə hüququna malikdi. Bunlar və digər məsələlər də Nizamnaməyə uyğun həllini tapmalıdı. Prosedur qaydalarına uyğun olaraq, qarşıda vaxt var".
KƏNAN BAHADIR