"Gözləsin bizi, gəlirik, Lənkəran” - "Neftçi" azarkeşləri "Xəzər Lənkəran"a səsləndi

23.02.2024 16:31 295
Aktual / Ölkə futbolu
Neftçi” – “Zirə” qarşılaşmasında faktiki “həyatda olmayan” “Xəzər Lənkəran”a aid şüarlar səsləndirildi.

Belə ki, “Neftçimania” azarkeş qrupu matçın gedişində “gözləsin bizi, gəlirik, Lənkəran”, - deyə komandalarının əzəli rəqibini yad etdilər. Görünən odu ki, “Xəzər Lənkəran” Mərkəzi Stadionun təmirə bağlanması və premyer-liqaya qayıtmaq ehtimalı təkcə cənublu azarkeşlərin yox, həm də əzəli rəqib “Neftçi” azarkeşlərinin də ürəyincədi.

“Neftçimania”nın bu jestinə lənkəranlı azarkeşlərin reaksiyasını öyrənmək istədik. Bunun üçün “Xəzər Lənkəran”ın “12-ci oyunçu” fanklubunun rəhbəri İslam Cabbarlı ilə danışdıq:

“Doğrusu, bunu ilk dəfə sizdən eşidirəm. Heç xəbərim yox idi. Buna, sadəcə, müsbət cavab verə bilərəm. Sağ olsunlar ki, ümid bəsləyirlər və həvəslə gözləyirlər. Ölkənin bütün futbol klublarının azarkeş qrupları bir-biriylə həmkardı. Futbola və idmana bağlılığımız hamımızı birləşdirən dəyərdi. Faktiki sevimli komandamızla bağlı azarkeşliyimiz dondurulsa da, ümumi Azərbaycan futbolunun azarkeşi kimi qalırıq. İnşallah, qismət olar, biz də stadiondan cavab verərik. Stadionda baner asarıq, onların sevimli komandalarına uğurlar diləyərik. Sizin qəzet vasitəsiylə ancaq təşəkkür edə bilərik”.

KAMAL SƏFƏR