İddialı klub Budaq Nəsirovdan üz döndərdi – “Ona ehtiyac yoxdu”

6.02.2024 17:10 619
I liqa / Manşet
“Turan Tovuz”un futbolçuları arasında yaşanan xoşagəlməz hadisədən xəbərdarsız.

Xatırladaq ki, əvəzedicilər liqasının 20-ci turunun “Turan Tovuz-2” – “Səbail-2” oyununda meydan sahiblərinin iki futbolçusu arasında insident baş vermişdi. Budaq Nəsirovla Elxan Qasımov arasındakı mübahisə şiddətlənmiş və oyunçuların təcavüzkar davranış sərgiləməsiylə nəticələnmişdi. Belədə baş hakim Səbuhi Bayramov hadisələrin axarına müdaxilə etmiş və futbolçulara qırmızı vərəqə göstərmişdi. Daha sonra İntizam Komitəsi futbolçulara 4 oyunluq cəza vermiş, klubu 600 manat cərimələmişdi.

Dünən “Turan Tovuz”un baş məqşçisi Ayxan Abbasov “Futbol+”ə açıqlamasında Nəsirovun MOİK və “Karvan”dan, həmçinin başqa ölkələrdən təklif aldığını dedi. Maraqlıdı ki, MOİK-in baş məşqçisi Qəzənfər Abbasov “football-plus.az”a açıqlamasında bu məlumatı təkzib etdi.

“Xeyr, Budağla danışıq aparmırıq. Çünki bizim həmin mövqedə oynayan futbolçularımız var. Ona ehtiyac yoxdu”.

Qeyd edək ki, “İmişli” yanvarda, MOİK isə bu yaxınlarda Nəsirovun xidmətində maraqlı olub. Lakin görünür futbolçunun yol verdiyi qeyri-etik davranış danışıqların dayanmasıyla nəticələnib. “Karvan” isə oyunçunun xidmətində maraqlı tərəfdi. Yevlax təmsilçisi Budaqla sentyabrda dondurulmuş danışıqları bərpa edib.

KƏNAN BAHADIR