“Barselona” Levandovskinin maaşını artırmaq istəmir. Ona görə ki, polşalı forvard ümidləri doğrultmur
Belə görünür ki, “Barselona” ilə polşalı forvard Robert Levandovski arasındakı münasibətlər çat verib. Çatın get-gedə dərinləşməsi də, aradan qalxması da mümkündü...
“Sport” nəşrinin baş redaktorunun müavini Luis Migelsansın yaydığı xəbərə görə, “Barselona” gələn mövsüm Levandovskinin maaşını artırmaq şərtindən qaça biləcəyinə ümid edir. Xatırladaq ki, polşalı ulduz “Barsa”ya 2022-ci ilin yayında “Baravariya”dan 45 milyon avroya keçib, Kataloniya klubu ilə sonradan müddətin daha bir il uzadılmasının mümkünlüyü şərti ilə üçillik müqavilə bağlayıb. Müqavilə elə tərtib olunmuşdu ki, futbolçunun maaşı ildən-ilə ciddi şəkildə artmalıydı. Levandovski ilk ilində təmiz 10 milyon qazandı, bu mövsüm isə 12,5 milyon avro qazanacaq. Gələn yay polşalının maaşı artıq 15-16 milyon avroya çatmalıdı ki, bu da onu Kataloniya klubunda hamıdan çox qazanan Frenki de Yonqla bərabərləşdirir.
Ancaq “Barsa”nın maliyyə problemləri hələ də həll olunmayıb. Üstəlik hücumçu cari mövsümdə çox aşağı məhsuldarlıq göstərir. Belədə “blauqrana” onun maaş artımını dayandıracağına ümid edir. Robertin yeni maaşı, sadəcə, Kataloniya komandası üçün müəyyənləşdirilən limitə sığışmaya bilər.
“Barselona”da bilirlər ki, Levandovski ilə Səudiyyə Ərəbistanı klubları ciddi şəkildə maraqlanır. Ərəblər həm bu transfer üçün yaxşı pul ödəyə, həm də polşalıya indiki klubunda aldığından daha artıq maaş verə bilərlər. Ancaq “göy-qırmızlar” polşalı ilə vidalaşmağı planlaşdırmır, o da özünü xoşbəxt hiss etdiyi İspaniyada daha bir-iki mövsüm keçirmək istəyir. Klub prezidenti Xuan Laportanın böyük dostu və futbolçunun agenti olan Pini Zahavi yaxınlarda Barselonaya uçaraq anladıb ki, müştərisinin yaxın vaxtlarda ayrılmaq niyyəti yoxdu. Hər iki tərəf güman edir ki, şərtlərə yenidən baxa və razılığa gələ bilərlər. Yəni Levandovskinin maaşının Kataloniya klubu üçün nəzərdə tutulan limitə sığışması üçün.
Robert cari mövsümdə hələ ki əvvəlki məhsuldarlığa nail ola bilmir. O, bütün turnirlər çərçivəsində keçirdiyi 21 oyunda 9 qol vurub və 5 məhsuldar ötürmə verib.