“Vaşinqton”un sabiq baş məşqçisi Bryus Budro əmindi ki, bu komandanın hücumçusu Aleksandr Oveçkin hazırda Ueyn Qretskiyə məxsus olan MHL tarixində qol sayına görə rekordu qıracaq.
38 yaşlı rusiyalı ulduz cari mövsümdə keçirdiyi 25 oyunda cəmi 5 qol vurub:
“Aleksandr bu mövsüm 25 şayba vursa, düşünürəm ki, irəli getməkdə davam edəcək. Həmişə düşünmüşəm ki, o, rekordu qırana qədər oynayacaq. Ancaq bu mövsüm cəmi 12 qol vursa, qürurunu nəzərə alsaq, nələr hiss edəcəyini deyə bilmərəm. Hələ də düşünürəm ki, Oveçkin indiki vəziyyətdən qurtulacaq, bu mövsüm 25-30 arası qol vuracaq. Qretskini sevirəm, ancaq istərdim ki, bu təqib başa çatsın. Çox möhtəşəm olardı. Oveçkin ən yaxşı olmaq istəyir, həmişə istəyib. Bu üzdən fikrim belədi ki, rekordu qıracaq. Onun bunu bacaracağına inanıram”.
Budro həmçinin Oveçkinin cari mövsümdəki aşağı məhsuldarlığı haqda da danışıb:
“Düşünürəm ki, yüngül panik durumdadı. Ancaq bəzən adamın sürətlə qocalması təəccüb doğurur. Məsələn, “Anahaym”da Teemu Selyanne ilə çalışmışam. İlk mövsümdə o, komandanın snayperləri sırasında lider idi. İkinci mövsümdə isə bu məhsuldarlıq yoxa çıxdı. Yaşı 40 idi, ancaq hər halda... “Minnesota”da Mikko Koyvu əla mövsüm keçirdi, ancaq növbəti mövsümdə tempi o qədər aşağı saldı ki, 4-cü “bənd”də oynatmalı oldum. Bəzən adam, sadəcə, qocalır, ancaq düşünmürəm ki, indi Alekslə bağlı eyni proses baş verir”.
Xatırladaq ki, Oveçkin MHL karyerası boyunca 827 qol vurub ki, bu da liqa tarixinin ikinci nəticəsidi. Rekordçu Ueyn Qretskinin hesabında 894 qol var.