1-ci liqanın 10-cu turunun "Zaqatala" - "Difai Ağsu" oyunu həm məhsuldar, həm də gərgin keçib.
"Football-plus.az" xəbər verir ki, azarkeşlər iki fərqli hissə izləyib. İlk yarlda qonaqlar üstün oyun sərgiləsə də, fasilədən sonra meydan sahibləri gerişdönüş edərək 4:2 hesabıyla qələbə qazanıb. Diqqəti çəkən məqamlardan biri də budu ki, zaqatalalıların iki futbolçusu - Firuz Əhmədov və Kənan Müslümov uzatma dəqiqələrində meydandan qovulublar.
Noyabrın 30-da keçirilən kubok oyununda da "Zaqatala"nın iki futbolçusu “qırmızı” almışdı. "Football-plus.az" saytı bu intizamsızlığın səbəbini "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədovdan soruşdu:
"Son oyunlarımızda inkişaf var. Yavaş-yavaş nəticələrimiz də düzəlməyə doğru gedir. Amma hələ problem çoxdu. Futbolçularımızın qırmızı vərəqə alması xoş hal deyil. Amma oyunçularımızın meydandan qovulması rəqibin “vaxt öldürmək”, qıcıqlandırmaq cəhdləri üzündən baş verdi. Səmimi deyim ki, "Difai Ağsu" oyuna yaxşı başladı və 2 qol vuraraq üstünlük qazandı. Amma bundan sonra onlar daha çox “vaxt öldürmək”, oyunun tempini aşağı salmaq ilə məşğul idi. Hətta onların məşqçi korpusu tez-tez “uzanın yerə”, “vaxt aparın” deyir, qapıçıya topu oyuna daxil edərkən ləngiməyi tapşırırdılar. Deyək ki, biz məşqçilərin artıq müəyyən yaşı, təcrübəsi var. Belə göstərişləri gördükdə emosiyalarımızı saxlaya bilirik. Amma futbolçuların belə hallara qarşı tolerant olması çətindi. 90-cı dəqiqədə bərabərlik qolunu vurduq. Bu zaman futbolçumuz Firuz Əhmədov topu tordan götürüb mərkəz xəttə aparıb qoymaq istəyirdi ki, rəqib qapıçı buna imkan vermədi. Nəticədə futbolçumuz özündən çıxdı və qarşıdurmaya getdi. Hakim onu qovdu. Kapitanımız Kənan Müslümovun epizodunda isə rəqibin ehtiyat oyunçular skamyasında olan futbolçusu ona nəsə dedi və ya göstərdi. Futbolçumuz da hirsini boğa bilməyib onunla münaqişəyə getdi. Belədə o da “qırmızı” aldı. Mən deyə bilmərəm ki, rəqib futbolçu kapitanımıza nə dedi və ya nə göstərdi. Videotəkrara baxanda da nəsə demək olmur. Hər halda, xoşagəlməz hərəkət edib ki, Kənan Müslümov özündən çıxıb. Bu barədə rəqibin baş məşqçisinə də sözümüzü dedim. Hesabda geri düşdüyümüz matçda xarakter göstərib qələbə qazandığımıza sevinsəm də, itkilərə görə üzülürəm. Onsuz da heyətimiz kasaddı. İki futbolçumuzun, əsas da hazırda yaxşı formada olan Kənan Müslümovun cəzaya məruz qalmasına görə məyusuq. Söz yox ki, komandamızda intizam məsələlərində bir qədər boşluq yaranıb. Bu barədə də ciddi ölçü götürəcəyik. Hər iki futbolçumuzla ciddi söhbət edib, intizam tədbirinə əl atacağıq".
ABDULLA İSMAYILOĞLU