Yığmanın təcrübəli oyunçularından Manə Mollayeva “Football-plus.az”ın bəzi suallarını cavabladı.
- Yığmanın qrupdakı çıxışını dəyərləndirərdiz.
- Farer adaları ilə oyunumuz qalsa da, artıq qrupdan lider kimi B divizionuna vəsiqə qazanmışıq. Əlimizə düşən şansın fərqindəyik. İnanırdıq ki, bunu edə bilərik. İlk matçdan fikrimizi qrupdan çıxmağa yönəltmişdik. Əzmkarlıq göstərərək buna nail olduq.
- Millətlər Liqasında mübarizəyə başlamamış belə nəticənin olacağını gözləyirdiz?
- Əlbəttə. Komanda yoldaşlarımla birlikdə qrupun püşkatmasını canlı izləyirdik. Rəqiblərimiz bəlli olandan sonra bunu bacarmaq üçün şansımızın olacağını düşündük.
- Qadın futbol yığmamızın belə inkişafı nə ilə bağlıdı?
- Məncə, əsas səbəb qızların legioner həyatı yaşamasıdı. Həmçinin meydanda döyüşkən mübarizə aparmağımız da inkişafın göstəricisidi.
- Qrupun son matçında evdə Farer adaları ilə qarşılaşacağıq. Növbəti mərhələyə vəsiqə qazanan milli bu oyuna necə yanaşacaq?
- Son oyunda da qrup liderinə yaraşan tərzdə çıxış etməliyik. Hamı bu matça ciddi yanaşır. Bu matçdan da 3 xal alaraq qadın futbol tariximizdə rekorda imza atmaq istəyirik.
- Millətlər Liqasında yekun hədəf nədi?
- Bilirik ki, bizi bundan sonra çətin rəqiblər gözləyir. Ancaq Avropa çempionatının təsnifat mərhələsində bizə daha uyğun komandalar düşəcək. O qrupun hər oyununda da maksimum nəticə qazanmaq niyyətindəyik.
- Cənubi Kiprlə matçda qırmızı vərəqə aldığına görə son oyunda komandaya kömək edə bilməyəcəksən.
- Məncə, hakimin mənə göstərdiyi ilk sarı vərəqə haqlı idi, lakin ikinci ilə razılaşmıram. Çünki o epizodda topa oynamışdım. Amma pis olmuram. Əsas məqsədimiz qrupdan çıxmaq idi. Bunu da layiqincə bacardıq.
CAVİD ƏLİYEV