"Football-plus.az" xəbər verir ki, günün ilk matçında lider “Araz-Naxçıvan” autsayder “Record club”u qəbul edəcək. Nominal qonaqların iranlı baş məşqçisi Əli Sabahi mövsüm başlamamış iddialı danışsa da, hələ ki nəticə dediklərinə uyğun deyil. Komanda Muxtar Respublika təmsilçisiylə sınaqda uğursuz tilsimi qırıb ilk qələbəsini qazansa, sensasiya olacaq. Lakin lider ötən tur “Baku Fire” ilə qarşılaşmada xal iirdiyindən (2:2) bu oyuna daha ciddi yanaşacaq. Odu ki, sensasiya ehtimalı azdı. İkinci görüşdə “Neftçi” İK U-19 yığmasıyla qarşılaşacaq. Bakılılar turnir cədvəlinin 3-cü pilləsindədi. Hacıbala Abdullazadənin kollektivi minimum gümüş medal hədəfindən uzaq düşmək istəmir. Millinin 3 xal həsrəti isə davam edir. Komandanın vüsala çatıb-çatmayacağını bu gün görəcəyik. Turun son görüşü diqqəti daha çox çəkir. İddialı “Baku Fire” liderdən xal alıbsa, motivasiyası yerindədi. Teymur Eyvazovun yetirmələri “Araz-Naxçıvan”dan cüzi geri qalır. Bu fərqin artmaması üçün vuruşmaqdan başqa yolları yoxdu. “Yasamal Bakı”nın durumuna gəlincə, “nə pis, nə də yaxşıdı” demək yerinə düşər. Yüksək liqanın “sonbeşiyi” ortababdı. Qapı xəttində güclü olmasa da, hücumlarda rəqibinə qorxu salır. Komandanın baş məşqçisi Anar İsayev qəzetimizə açıqlamasında durumu belə izah etdi:
“Sponsorlarla danışıqlar vaxtında bitmədiyindən, çempionata gec qoşulduq. Hələ ki komanda tam gücüylə çıxış edə bilmir. Düzdü, bütün qolların günahkarı qapıçı deyil, lakin daha təcrübəli qolkiperə ehtiyac var. Hələ ki hücum cəhdləriylə tarazlığı bərpa edirik. “Baku Fire”la matç çox vacibdi. Çoxlu qol vurub, imkan daxilində “çərçivə”ni toxunulmaz saxlayacağıq. Rəhbərlik mövsümün sonunda mükafatçılar sırasında olmağımızı istəsə də, əsas gücümüz sabah (bu gün – red.) bəlli olacaq. Bundan sonra hədəflər haqda daha dəqiq danışmaq olar”.
Qeyd edək ki, oyunlar indiyə qədər olduğu kimi Bakı İdman Sarayında yox, “Olimpik Star”da keçiriləcək.
Yüksək liqa, 4-cü tur
Araz-Naxçıvan – Record club 6:2
Hakimlər: CEYHUN HÜSEYNOV, Hacıəli Ağayev, İmran Məhərrəmov
Hakim-inspektor: Füzuli Nəcəfov
26 oktyabr. Olimpik Star. Saat 13.00
Neftçi İK – U-19 9:2
Hakimlər: ANAR FƏRƏCOV, Kənan Məlikov, Elgün Hüseynov
Hakim-inspektor: Mehman Mahmudov
26 oktyabr. Olimpik Star. Saat 15.00
Baku Fire – Yasamal Bakı 10:4
Hakimlər: RZA MƏMMƏDOV, Məmmədəli Kərimov, Ramil Namazov
Hakim-inspektor: Azad Hüseynov
26 oktyabr. Olimpik Star. Saat 17.00
Xal durumu: Araz-Naxçıvan – 10, Baku Fire – 8, Neftçi İK- 7, Yasamal Bakı – 4, U-19 – 2, Record club – 1.
Bombardirlər: Rüstəm Bağırov (Yasamal Bakı) – 7, Katatu (Araz-Naxçıvan), Tofiq Əliyev (Baku Fire) – 5.
KƏNAN BAHADIR





