Məlum olduğu kimi Türkiyə yığması Vinçentso Montellanın başçılığı altında keçirdiyi ikinci oyunda Latviyanı darmadağın edərək AÇ-2024-ün final mərhələsinə vəsiqəni təmin etdi.
“Football-plus.az” xəbər verir ki, Montellaya qədər təxminən 2 ilə yaxın Türkiyənin başında olan, eləcə də bu seçmə mərhələnin böyük hissəsində ''ay-ulduzlular''ı çalışdıran Stefan Kunts da komandanın bu uğuruna biganə qala bilməyib. Ötən ay Yaponiya ilə yoldaşlıq matçından sonra vəzifəsindən azad edilən almaniyalı mütəxəssis Latviya ilə görüşün ardından Türkiyənin paltardəyişmə otağındakı sevincinin şəklini paylaşaraq komandanı təbrik edib. Eyni zamanda şəkilin üzərində ''yığma komandanın yoluna davam etməsindən böyük məmnuniyyət duyuram'' ifadəsini yazıb.
Qeyd edək ki, qardaş ölkə Kuntsun dönəmində 16-sı rəsmi, 4-ü özəl olmaqla çıxdığı 20 qarşılaşmadan 12 qələbə, 3 heç-heçə, 5 məğlubiyyətlə ayrılmışdı.
ƏLİ